Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-iyun aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında 14,75 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 64,6 faizi mədənçıxarma sektorunda, 28,9 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 0,6 faiz, o cümlədən neft hasilatı 0,4 faiz artmış, əmtəəlik qaz hasilatı isə 8,8 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 4,5 faiz, tütün məmulatlarının istehsalı 17,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 14,6 faiz, kağız və karton istehsalı 0,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 5,5 faiz, hazır metal məmulatlarının istehsalı 9,4 faiz, kompyuter və elektron məhsullarının istehsalı 23,6 faiz, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 43,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,0 dəfə artmış, içkilərin istehsalı 8,2 faiz, geyim istehsalı 4,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 76,4 faiz, poliqrafiya məhsullarının istehsalı 3,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 16,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,9 faiz, tikinti materiallarının istehsalı 23,5 faiz, maşın və avadanlıqların istehsalı 23,0 faiz, mebel istehsalı isə 1,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,3 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,4 faiz, neft sektorunda isə 0,4 faiz artmışdır.
Tel. 539-87-17