Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2016-cı ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27002,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalması olmuşdur. Əlavə dəyərin 38,5 faizi sənayedə, 11,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,1 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 16,3 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 2809,7 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında 14,75 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 64,6 faizi mədənçıxarma sektorunda, 28,9 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 0,6 faiz, o cümlədən neft hasilatı 0,4 faiz artmış, əmtəəlik qaz hasilatı isə 8,8 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 4,5 faiz, tütün məmulatlarının istehsalı 17,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 14,6 faiz, kağız və karton istehsalı 0,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 5,5 faiz, hazır metal məmulatlarının istehsalı 9,4 faiz, kompyuter və elektron məhsullarının istehsalı 23,6 faiz, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 43,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,0 dəfə artmış, içkilərin istehsalı 8,2 faiz, geyim istehsalı 4,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 76,4 faiz, poliqrafiya məhsullarının istehsalı 3,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 16,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,9 faiz, tikinti materiallarının istehsalı 23,5 faiz, maşın və avadanlıqların istehsalı 23,0 faiz, mebel istehsalı isə 1,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,3 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,4 faiz, neft sektorunda isə 0,4 faiz artmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2016-cı il vəziyyətinə 355,5 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında yaz tarla işləri başa çatmışdır. Cari ilin iyun ayının 24-nə 371,9 min hektar sahədə yazlıq bitkilərin əkini aparılmış, o cümlədən 24,3 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 37,0 min hektar sahədə qarğıdalı (ondan 35,0 min hektarı dən üçün), 62,1 min hektar sahədə kartof, 73,1 min hektar sahədə tərəvəz, 26,2 min hektar sahədə bostan bitkiləri, 51,8 min hektar sahədə pambıq, 7,1 min hektar sahədə şəkər çuğunduru, 8,2 min hektar sahədə dən üçün günəbaxan, 2,4 min hektar sahədə tütün, 73,5 min hektar sahədə çoxillik otlar, 2,2 min hektar sahədə birillik otlar, 165 hektar sahədə yemlik kökümeyvəlilər və 3,8 min hektar sahədə sair bitkilər əkilmişdir.
2015-ci ilin eyni dövrü ilə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 2,7 faiz artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2089,8 min ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər toplanmışdır.
Yığım başlanandan tarlalardan 312,3 min ton (23,6 min ton çox) kartof, 395,7 min ton (12,8 min ton çox) tərəvəz, 43,1 min ton (5,7 min ton çox) bostan məhsulları, 110,0 ton (33,5 ton çox) tütün, 95,4 min ton (2,2 min ton çox) meyvə və giləmeyvə, 507,8 ton (234,4 ton çox) yaşıl çay yarpağı yığılmışdır.
2016-cı il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2724,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1303,6 min baş inək və camış, 8823,2 min baş qoyun və keçi mövcud olmuşdur. 2015-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,7 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 2,3 min baş (0,2 faiz), qoyun və keçilərin sayı 15,8 min baş (0,2 faiz) artmışdır.
Hesabat dövründə diri çəkidə ət istehsalı 2,6 faiz artaraq 231,1 min ton, süd istehsalı 4,9 faiz artaraq 1010,7 min ton, yumurta istehsalı 5,4 faiz artaraq 821,9 milyon ədəd, yun istehsalı isə 3,4 faiz artaraq 15,9 min ton olmuşdur. Bundan başqa ölkədə 70,7 ton barama istehsal olunmuşdur.
2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,4 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,8 faiz artmışdır.
2016-cı ilin yanvar-iyun aylarında əsas kapitala 6769,6 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 5653,8 milyon manatı və ya 83,5 faizi məhsul istehsalı obyektlərinin, 836,9 milyon manatı (12,4 faizi) xidmət sahələri üzrə obyektlərin, 278,9 milyon manatı (4,1 faizi) isə ümumi sahəsi 767,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2512,2 milyon manatını və ya 37,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 4663,7 milyon manatı və ya 68,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında 106,9 milyon ton yük və 916,9 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,3 faiz azalmış, sərnişin daşınması isə 1,9 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur.
Yüklərin 62,8 faizi avtomobil, 28,1 faizi boru kəməri, 6,6 faizi dəmir yolu, 2,4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 798,9 milyon manatlıq xidmətlərin 72,0 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-iyun aylarında informasiya və rabitə xidmətlərinin həcmi 13,7 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 81,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2016-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13804,4 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 3387,4 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1,2 faiz artmış, ticarət şəbəkəsində 6790,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7013,8 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 6381,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 3050,0 milyon dollarını və ya 47,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 3331,4 milyon dollarını (52,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 281,4 milyon dollar məbləğində mənfi saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 18,0 faiz, o cümlədən ixrac 17,7 faiz, idxal isə 18,3 faiz azalmışdır. Ticarət dövriyyəsinin 40,0 faizi Avropa İttifaqı ölkələrinin, 16,0 faizi MDB üzvü ölkələrinin, 44,0 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların 27,2 faizi Avropa İttifaqı ölkələrinin, 23,6 faizi MDB üzvü ölkələrinin, 49,2 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxrac edilmiş məhsulların 54,0 faizi Avropa İttifaqı ölkələrinə, 7,6 faizi MDB üzvü ölkələrinə, 38,4 faizi isə digər ölkələrə göndərilmişdir.
2016-cı ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 32,2 faiz azalaraq 457,8 milyon dollar təşkil etmişdir.
2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,5 faiz artmışdır.
2016-cı ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artaraq 489,5 manat təşkil etmişdir.
016-cı ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,4 faiz artaraq 21493,9 milyon manata çatmışdır. Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,8 faizi isə yığıma yönəldilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6133,8 milyon manat vəsait daxil olmuş, büdcədən 6821,5 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 687,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,5 faizi səviyyəsində olmuşdur.
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil etmiş, onun
4306,1 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il iyun ayının 1-i ilə müqayisədə 11,1 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il iyun ayının 1-nə 7566,0 milyon manat təşkil etmişdir.
İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manata (ilin əvvəlindən 1,55 manata), 1 Avroya – 1,70 manata (1,73), 100 Rusiya rubluna – 2,32 manata (2,21) bərabər olmuşdur.
2016-cı ilin yanvar-may aylarında əhalinin sayı 41,8 min nəfər və ya 0,4 faiz artaraq 2016-cı il iyun ayının 1-i vəziyyətinə 9747,4 min nəfərə çatmışdır.
Göstəricilər | 2016-cı ilin yanvar-iyun ayları, faktiki | 2016-cı ilin yanvar-iyun ayları 2015-сi ilin yanvar-iyun aylarına nisbətən, faizlə | Məlumat üçün: 2015-ci ilin yanvar-iyun ayları 2014-сü ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Ümumi daxili məhsul, milyon manat | 27 002,3 | 96,6 | 105,7 |
o cümlədən qeyri-neft ÜDM | 17 597,2 | 93,9 | 109,2 |
Əhalinin hər nəfərinə düşən ÜDM, manat | 2 809,7 | 95,5 | 104,4 |
Sənaye məhsulu, milyon manat | 14 749,7 | 100,6 | 103,8 |
o cümlədən qeyri-neft sənayesi | 3 974,0 | 102,4 | 114,1 |
Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat | 6 769,6 | 69,6 | 103,7 |
o cümlədən tikinti-quraşdırma işlərinə | 4 663,7 | 66,4 | 111,5 |
Kənd təsərrüfatı məhsulu, milyon manat | 2 500,9 | 103,1 | 107,3 |
o cümlədən: bitkiçilik | 1 065,1 | 102,4 | 114,0 |
heyvandarlıq | 1 435,8 | 103,8 | 102,6 |
Nəqliyyat sektorunda yük daşınması, milyon ton | 106,9 | 97,7 | 101,5 |
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin | 916,9 | 101,9 | 103,8 |
İnformasiya və rabitə xidmətləri, milyon manat | 798,9 | 113,7 | 110,7 |
Pərakəndə ticarət dövriyyəsi, milyon manat | 13 804,4 | 101,9 | 113,4 |
Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat | 3 387,4 | 101,2 | 106,0 |
Dövlət büdcəsinin gəlirləri, milyon manat | 6 133,8 | 78,6 | 83,6 |
Dövlət büdcəsinin xərcləri milyon manat | 6 821,5 | 79,5 | 98,3 |
Dövlət büdcəsinin kəsiri, milyon manat | 687,7 | - | - |
Əhalinin gəlirləri, milyon manat | 21 493,9 | 108,4 | 106,2 |
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat | 2 236,5 | 107,1 | 104,9 |
Əhalinin banklardakı əmanətləri, 2016-cı il 01 iyun vəziyyətinə, milyon manat | 7 566,0 | 99,5 | 114,4 |
Kredit qoyuluşları, 2016-cı il 01 iyun vəziyyətinə, milyon manat | 18 197,1 | 88,9 | 123,3 |
o cümlədən vaxtı keçmiş kreditlər | 1 514,2 | 115,3 | 145,1 |
Orta aylıq əmək haqqı, manat | 489,5 x) | 107,6 xx) | 103,8xxx) |
İstehlak qiymətlərinin indeksi | - | 110,5 | 103,5 |
Əhalinin sayı, 2016-cı il 01 iyun vəziyyətinə, min nəfər | 9 747,4 | 101,2 | 101,2 |
Statistika məlumatı1) | |||
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ | 8 367,5x) | 89,8xx) | 105,0xxx) |
o cümlədən: ixrac | 5 036,1x) | 94,1xx) | 102,4xxx) |
idxal | 3 331,4x) | 81,7xx) | 115,0xxx) |
Gömrük məlumatı2) | |||
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ | 6 381,4x) | 82,0xx) | 105,7xxx) |
o cümlədən: ixrac | 3 050,0x) | 82,3xx) | 102,3xxx) |
ondan qeyri-neft ixracı | 457,8x) | 67,8xx) | 124,4xxx) |
idxal | 3 331,4x) | 81,7xx) | 115,0xxx) |
Qeyd:
x) 2016-cı ilin yanvar-may ayları. xx) 22016-cı ilin yanvar- may ayları 2015-ci ilin yanvar- may aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə nominal ifadədə, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə). xxx)2015-ci ilin yanvar- may ayları 2014-cü ilin yanvar- may aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə nominal ifadədə, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə). 1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla. 2) Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla. |