Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
Hesabat dövrü ərzində ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayının azalması müşahidə olunmuşdur. Belə ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4 faiz, zərərçəkənlərin sayı isə 16,4 faiz azalmışdır. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almış, 304 nəfəri isə həlak olmuşdur.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (786) yaşayış məntəqələrində baş vermiş, nəticədə 1095 nəfər zərər çəkmiş, onlardan 192 nəfər həlak olmuş, 903 nəfər isə yaralanmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 28,1 faiz, yaralananların sayı isə 13,6 faiz azalmışdır.
Bütün yol-nəqliyyat hadisələrinin 42,9 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 20,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 36,7 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,9 faiz, 26,0 faiz və 14,2 faiz azalmışdır
Yol-nəqliyyat hadisələrinin 43,6 faizi gündüz, 37,4 faizi gecə, 19,0 faizi isə toran vaxtı baş vermişdir. Hadisələrin 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş vermiş, nəticədə 37 nəfər zərər çəkmişdir. Belə hadisələrin 87,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
2016-cı ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati xəta aşkarlanmışdır. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.
Tel: 538-62-96