Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2016-cı ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43436,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,0 faiz azalması olmuşdur. Əlavə dəyərin 37,7 faizi sənayedə, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,7 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 16,7 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 4512,5 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 23,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 65,7 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 0,3 faiz, əmtəəlik qaz hasilatı isə 1,6 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 4,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 34,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,2 faiz, kağız və karton istehsalı 9,2 faiz, poliqrafiya məhsullarının istehsalı 12,7 faiz, hazır metal məmulatlarının istehsalı 18,5 faiz, kompyuter və elektron məhsulların istehsalı 14,9 faiz, elektrik avadanlıqlarının istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 14,0 faiz, mebel istehsalı 16,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 53,6 faiz artmış, içkilərin istehsalı 12,2 faiz, tütün məmulatlarının istehsalı 6,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 68,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 15,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz, tikinti materiallarının istehsalı 16,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 1,1 faiz, maşın və avadanlıqların istehsalı isə 10,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,6 faiz artmış, neft sektorunda isə 0,2 faiz azalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2016-cı il vəziyyətinə 349,2 milyon manatlıq hazır məhsul olmuşdur.
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 961,6 min hektar əkin sahəsinin 959,6 min hektarı biçilmiş və həmin sahələrdən 2836,3 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,6 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 29,6 min hektar dən üçün qarğıdalı sahəsindən 174,5 min ton məhsul götürülmüşdür.
Məhsul yığımı başlanandan oktyabr ayının 1-dək sahələrdən 870,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,6 min ton çox kartof, 1150,3 min ton (22,4 min ton az) tərəvəz, 461,4 min ton (20,1 min ton az) bostan məhsulları, 538,8 min ton (5,4 min ton çox) meyvə və giləmeyvə, 98,7 min ton (13,0 min ton az) üzüm, 891,9 ton (335,4 ton çox) yaşıl çay yarpağı, 59,1 min ton (18,3 min ton çox) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3095 ton (275 ton çox) tütün yarpağı yığılmışdır.
Oktyabr ayının 3-nə sahələrdən 12,1 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilmişdir.
Oktyabrın 1-i vəziyyətinə təsərrüfatlarda 2720,8 min baş iri buynuzlu mal-qara və 8740,7 min baş qoyun və keçi mövcud olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 0,6 faiz artmış, qoyun və keçilərin sayı isə eyni səviyyədə qalmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında 341,3 min ton, yaxud əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 3,0 faiz çox diri çəkidə ət, 1505,6 min ton (2,5 faiz çox) süd, 1214,0 milyon ədəd (4,9 faiz çox) yumurta, 16,8 min ton (1,5 faiz çox) yun istehsal olunmuşdur.
2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,8 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,1 faiz artmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala 10268,7 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 8236,9 milyon manatı və ya 80,2 faizi məhsul istehsalı obyektlərinin, 1591,5 milyon manatı (15,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 440,3 milyon manatı (4,3 faizi) isə ümumi sahəsi 1205,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4017,6 milyon manatını və ya 39,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 7313,0 milyon manatı və ya 71,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 164,4 milyon ton yük və 1406,1 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz azalmış, sərnişin daşınması isə 1,9 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur.
Yüklərin 63,8 faizi avtomobil, 27,0 faizi boru kəməri, 6,7 faizi dəmir yolu, 2,4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 88,6 faizi avtomobil, 11,2 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1171,4 milyon manatlıq xidmətlərin 72,5 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 5,5 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2016-cı ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 21085,7 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 5410,7 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,6 faiz artmış, ticarət şəbəkəsində 10503,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10582,1 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 11330,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5790,3 milyon dollarını və ya 51,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 5540,0 milyon dollarını (48,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 250,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 12,3 faiz, o cümlədən ixrac 15,7 faiz, idxal isə 7,1 faiz azalmışdır. Ticarət dövriyyəsinin 36,9 faizi Avropa İttifaqı ölkələrinin, 14,9 faizi MDB üzvü ölkələrinin, 48,2 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxalın ümumi dəyərinin 28,0 faizi Avropa İttifaqı ölkələrinin, 23,4 faizi MDB üzvü ölkələrinin, 48,6 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxracın ümumi dəyərinin 45,5 faizi Avropa İttifaqı ölkələrinin, 6,7 faizi MDB üzvü ölkələrinin, 47,8 faizi isə digər ölkələrin hesabına formalaşmışdır.
2016-cı ilin yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 25,3 faiz azalaraq 742,7 milyon dollar təşkil etmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,2 faiz artmışdır.
2016-cı ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 488,7 manat təşkil etmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,7 faiz artaraq 32762,5 milyon manata çatmışdır. Gəlirlərin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,6 faizi isə yığıma yönəldilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 10103,1 milyon manat vəsait daxil olmuş, büdcədən 10622,2 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 519,1 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,2 faizi səviyyəsində olmuşdur.
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin sentyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16839,7 milyon manat təşkil etmiş, onun 13211,3 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il sentyabr ayının 1-i ilə müqayisədə 16,2 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il sentyabr ayının 1-nə 7931,9 milyon manat təşkil etmişdir.
Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,63 manata (ilin əvvəlindən 1,57 manata), 1 Avroya – 1,83 manata (1,75), 100 Rusiya rubluna – 2,54 manata (2,30) bərabər olmuşdur.
2016-cı ilin yanvar-avqust aylarında əhalinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatmışdır.
Göstəricilər | 2016-cı ilin yanvar-sentyabr ayları, faktiki | 2016-cı ilin yanvar-sentyabr ayları 2015-сi ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə | Məlumat üçün: 2015-ci ilin yanvar-sentyabr ayları 2014-сü ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Ümumi daxili məhsul, milyon manat | 43 436,3 | 96,1 | 103,7 |
o cümlədən qeyri-neft ÜDM | 28 536,2 | 93,9 | 106,4 |
Əhalinin hər nəfərinə düşən ÜDM, manat | 4 512,5 | 95,0 | 102,5 |
Sənaye məhsulu, milyon manat | 23 029,6 | 100,2 | 102,1 |
o cümlədən qeyri-neft sənayesi | 6 075,4 | 103,6 | 110,2 |
Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat | 10 268,7 | 69,6 | 100,5 |
o cümlədən tikinti-quraşdırma işlərinə | 7 313,0 | 68,0 | 106,0 |
Kənd təsərrüfatı məhsulu, milyon manat | 4 614,3 | 102,4 | 106,7 |
o cümlədən: bitkiçilik | 2 394,1 | 101,8 | 110,4 |
heyvandarlıq | 2 220,2 | 103,1 | 102,5 |
Nəqliyyat sektorunda yük daşınması, milyon ton | 164,4 | 99,1 | 100,6 |
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin | 1 406,1 | 101,9 | 103,6 |
İnformasiya və rabitə xidmətləri, milyon manat | 1 171,4 | 105,5 | 110,8 |
Pərakəndə ticarət dövriyyəsi, milyon manat | 21 085,7 | 102,3 | 111,4 |
Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat | 5 410,7 | 100,6 | 106,2 |
Dövlət büdcəsinin gəlirləri, milyon manat | 10 103,1 | 83,7 | 85,8 |
Dövlət büdcəsinin xərcləri, milyon manat | 10 622,2 | 87,3 | 95,8 |
Dövlət büdcəsinin kəsiri, milyon manat | 519,1 | - | - |
Əhalinin gəlirləri, milyon manat | 32 762,5 | 108,7 | 105,8 |
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat | 3 403,6 | 107,4 | 104,5 |
Əhalinin banklardakı əmanətləri, 2016-cı il 01 sentyabr vəziyyətinə, milyon manat | 7 931,9 | 108,4 | 104,7 |
Kredit qoyuluşları, 2016-cı il 01 sentyabr vəziyyətinə, milyon manat | 16 839,7 | 83,8 | 116,1 |
o cümlədən vaxtı keçmiş kreditlər | 1 592,9 | 119,4 | 142,1 |
Orta aylıq əmək haqqı, manat | 488,7x) | 106,2 xx) | 104,4xxx) |
İstehlak qiymətlərinin indeksi | - | 111,2 | 103,7 |
Əhalinin sayı, 2016-cı il 01 sentyabr vəziyyətinə, min nəfər | 9 775,7 | 101,1 | 101,2 |
Statistika məlumatı1) | |||
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ | 14055,1x) | 95,9xx) | 99,7xxx) |
o cümlədən: ixrac | 8515,1x) | 97,4xx) | 98,5xxx) |
idxal | 5540,0x) | 92,9xx) | 104,4xxx) |
Gömrük məlumatı2) | |||
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ | 11330,3x) | 87,7xx) | 100,1xxx) |
o cümlədən: ixrac | 5790,3x) | 84,3xx) | 98,5xxx) |
ondan qeyri-neft ixracı | 742,7x) | 74,7xx) | 108,7xxx) |
idxal | 5540,0x) | 92,9xx) | 104,4xxx) |
Qeyd:
x) 2016-cı ilin yanvar-avqust ayları. xx) 2016-cı ilin yanvar- avqust ayları 2015-ci ilin yanvar- avqust aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə nominal ifadədə, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə). xxx)2015-ci ilin yanvar- avqust ayları 2014-cü ilin yanvar- avqust aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə nominal ifadədə, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə). 1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla. 2) Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla. |