Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Аzərbаycаndа dеmоqrаfik vəziyyət
İlin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olmuşdur. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1007 nəfər təşkil edir. Əhalinin 22,5 faizi 0-14 yaşda, 71,3 faizi 15-64 yaşda, 6,2 faizi isə 65 və yuxarı yaşda olanlardır.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində ölkə üzrə 106,5 min, yaxud hər gün orta hesabla 436 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil etmişdir. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından ibarət olmuşdur. Körpələrin 1872-si əkiz, 51-i isə üçəm doğulmuşdur. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,7 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.
Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,1 doğulmuş uşaq düşür və bu da əhalinin ölkə üzrə təkrar istehsalını təmin edir.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,8 min ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 5,9 təşkil etmişdir.
2016-cı ilin ilk 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 42,2 min nikah və 8,6 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 1,3 olmuşdur.
Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-avqust ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2622 nəfər gələn və 1205 nəfər ölkədən gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 1417 nəfər təşkil etmişdir.
Tel: 538 51 43