Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin 4-cü iclası keçirilib

08.11.2016

 

Noyabrın 8-də Dövlət Statistika Komitəsində “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin 4-cü iclası keçirilib. İclasda Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski, Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Azərbaycanda İnstitusional Quruculuq Proqramına Dəstək Layihəsi (SİBA), Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutunun təmsilçiləri iştirak ediblər. Benefisiar ölkə tərəfindən layihə rəhbəri, Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev və Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən layihə rəhbəri, Almaniya Federativ Respublikasının Statistika İdarəsinin mütəxəssisi Rinqo Raupax tərəfindən layihənin gedişi barədə ümumi məlumat verilib. İclasda layihənin komponent rəhbərləri tərəfindən görülən işlərə dair hesabatlar dinlənilib. Layihənin dördüncü rübü ərzində planlaşdırılmış işlərin yerinə yetirilməsi müzakirə edilib, qarşıda duran məsələlərin və nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə qarşılıqlı maraq doğuran suallar da cavablandırılıb.