2016-cı ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

11.11.2016

Hesabat dövrü ərzində ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayının azalması müşahidə olunmuşdur. Belə ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 9,9 faiz, zərərçəkənlərin sayı isə 11,9 faiz azalmışdır. Zərərçəkənlərin 1555 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almış, 571 nəfəri isə həlak olmuşdur.

Yol-nəqliyyat hadisələrinin çox hissəsi (1302) yaşayış məntəqələrində baş vermiş, nəticədə 1827 nəfər zərər çəkmiş, onlardan 374 nəfər həlak olmuş, 1453 nəfər isə yaralanmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 15,8 faiz, yaralananların sayı isə 11,2 faiz azalmışdır.

Bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 37,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 6,7 faiz, 18,2 faiz və 7,9 faiz azalmışdır.

Yol-nəqliyyat hadisələrinin 44,2 faizi gündüz, 38,5 faizi gecə, 17,3 faizi isə toran vaxtı baş vermişdir. Hadisələrin 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş vermiş, nəticədə 45 nəfər zərər çəkmişdir. Belə hadisələrin 80,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

2016-cı ilin yanvar-sentyabr aylarında yol-hərəkəti qaydaları əleyhinə 2231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çox inzibati xəta aşkarlanmışdır. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,5 faizi yol ayrıcını keçmə, 4,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

Tel: 538-62-96