Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında birgə İş Planı imzalanıb
Noyabrın 30-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə İş Planının imzalanması mərasimi keçirilib.
Tahir Budaqov mərasim iştirakçılarını salamlayaraq, Dövlət Statistika Komitəsinin dünyanın 30-a yaxın beynəlxalq təşkilat, o cümlədən BMT-nin struktur bölmələri olan UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), YUNESKO, Dünya Bankı kimi digər qurumlarla qarşılıqlı əməkdaşlıq etdiyini qeyd edib, UNİCEF-in ölkəmizdə 1993-cü ildən fəaliyyətə başladığını xatırladıb. Bildirib ki, Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında statistikanın müxtəlif sahələri üzrə əlaqələr mövcuddur, Komitə nümayəndələri UNİCEF-in təşkilatçılığı ilə keçirilən tədbir, seminar və konfranslarda fəal iştirak edirlər. “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə iş planı “Azərbaycan Höküməti ilə UNİCEF arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı” çərçivəsində hazırlanıb.
Qeyd olunub ki, Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində uğurlu layihələr icra olunur. Cari ilin 12-16 sentyabr tarixlərində Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin (xarici audit) ilkin mərhələsi keçirilib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Dövlət Statistika Komitəsi əməkdaşları ilə birgə hazırlanan İş Planının əhəmiyyətini diqqətə çatdırıb. Layihədə Davamlı İnkişaf Məqsədlərinin, BMT-Tərəfdaşlıq Çərçivəsinin və Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasının müvafiq göstəricilərinin daha yaxşı monitorinqi üçün cins, yaş, sosial-iqtisadi durum, əlillik və coğrafi yerləşməsinə görə bölünən həssas qrupdan olan uşaq və yeniyetmələrlə bağlı məlumatların hazırlanmasına xüsusi diqqət yetirilib.
Sonra “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə iş planının imzalanması mərasimi keçirilib. İş Planını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin imzalayıblar.
Bildirilib ki, İş Planının həyata keçirilməsi sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsinə kömək edəcək. Əldə olunan nəticələr bu sahədə sosial siyasətin istiqamətlərini müəyyənləşdirməkdə dəstək verəcək. Qeyd olunub ki, qlobal səviyyədə aparılan fəaliyyətlər kontekstində iş planında əks olun göstəricilər Azərbaycan statistikasının beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində Dövlət Statistika Komitəsinin həyata keçirdiyi tədbirlərin məntiqi davamıdır.
Tədbirdə qarşılıqlı maraq doğuran suallar da cavablandırılıb.
30.11.2016