Dövlət Statistika Komitəsinin nümayəndələri Romada keçirilən beynəlxalq tədbirə qatılıblar

14.12.2016

12-15 dekabr 2016-cı il tarixində İtaliyanın paytaxtı Roma şəhərində Avropa Statistika Bürosunun (Avrostat) təşkilatçılığı ilə “Böyük həcmli məlumatlar (Big Data) – təkmilləşdirilmiş kurs”u keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev, Xidmət statistikası şöbəsinin müdiri Gülbala Quliyev və Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktor müavini Nail Mərdanov iştirak edirlər.  

            Kursun keçirilməsində əsas məqsəd iştirakçıları böyük həcmli məlumatların konsepsiyaları, məlumatların rəsmi statistikada istifadəsi ilə bağlı zəruri statistik metod və alətlər, informasiya texnologiyaları vasitələri ilə tanış etməkdir. Tədbir çərçivəsində iştirakçılar informasiya texnologiyalarının yeni alət və üsullarından istifadə edərək rəsmi statistikada istifadə ediləcək böyük həcmli məlumatları təhlil edirlər və rəsmi statistikada istifadə ediləcək real məlumatların əhatəsinin müəyyənləşdirilməsi sahəsində təcrübələrə yiyələnirlər.

            Böyük həcmli məlumatların mənbələri, rəsmi statistika üçün böyük həcmli məlumatların dəyəri, beynəlxalq səviyyədə böyük həcmli məlumatlara dair strategiyalar,  proqramlar və rəsmi statistika üçün yeni yanaşmalar kursun əsas müzakirə mövzularıdır.