2016-cı ilin yanvar-noyabr aylarında sənaye istehsalı haqqında

15.12.2016

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 28,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9 faiz artmış, neft sektorunda isə 1,3 faiz azalmışdır.

Sənaye məhsulunun 65,4 faizi mədənçıxarma sektorunda, 28,5 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 1,5 faiz, əmtəəlik qaz hasilatı isə 4,9 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 4,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 39,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 23,1 faiz, kağız və karton istehsalı 7,3 faiz, poliqrafiya məhsullarının istehsalı 1,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,0 faiz, hazır metal məmulatlarının istehsalı 18,9 faiz, kompüter və elektron məhsulların istehsalı 10,6 faiz, elektrik avadanlıqlarının istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,9 faiz, mebel istehsalı 10,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 42,6 faiz artmış, içkilərin istehsalı 12,9 faiz, tütün məmulatlarının istehsalı 12,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 65,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 14,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,9 faiz, tikinti materiallarının istehsalı 11,4 faiz,  maşın və avadanlıqların istehsalı isə 14,5 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz azalmışdır.

Tel. 539-87-17