Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin 5-ci iclası keçirilib

17.01.2017

Yanvarın 17-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin 5-ci iclası keçirilib.


İclasda Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Azərbaycanda İnstitusional Quruculuq Proqramına Dəstək Layihəsi (SİBA), Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutunun nümayəndələri iştirak ediblər. Benefisiar ölkə tərəfindən layihə rəhbəri, Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev və Almaniya Federativ Respublikasının Statistika İdarəsinin mütəxəssisi Leonard Fiks tərəfindən layihənin gedişi barədə ümumi məlumat verilib. İclasda layihənin komponent rəhbərləri tərəfindən görülən işlərə dair hesabatlar təqdim olunub. Layihə çərçivəsində planlaşdırılmış işlərin yerinə yetirilməsi müzakirə edilib, qarşıda duran məsələlərin və nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.


Tədbirdə qarşılıqlı maraq doğuran suallar da cavablandırılıb.


17.01.2017