Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ildə Ümumi Daxili Məhsul istehsalı
2016-cı ildə ölkə rezidentləri tərəfindən 59987,7 milyon manatlıq və ya 2015-ci ildəkindən 3,8 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6 faiz azalması olmuşdur.
Eyni zamanda bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5 faiz, sənayedə 0,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1 faiz artmışdır.
Keçən il sənayedə 22434,5 milyon manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6152,2 milyon manatlıq, tikintidə 6004,4 milyon manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4102,4 milyon manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3369,6 milyon manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1436,3 milyon manatlıq, informasiya və rabitə sahələrində 1060,2 milyon manatlıq əlavə dəyər yaradılmışdır.
ÜDM–in 10836,9 milyon manatı iqtisadiyyatın digər sahələrində istehsal edilmiş, məhsula və idxala xalis vergilər 4591,2 milyon manat təşkil etmişdir.
Yola saldığımız ildə ümumi daxili məhsulun 39403,1 milyon manatı, yəni 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin, 34,3 faizi (20584,6 milyon manatı) isə neft-qaz sektorunun payına düşmüşdür.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən dəyəri 6223,8 manat olmuşdur.
Əlaqə telefonu: 538-74-50