Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

19.01.2017

 

Yanvarın 19-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Anım mərasimində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.   

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə  sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi terror aktı barədə ətraflı məlumat verib. Tariximizə “Qanlı yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 27 il ötdüyünü deyən Komitə sədri öz konstitusion hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb. Tahir Budaqov 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək hərbiçilərin dinc əhaliyə divan tutmasına qarşı kəskin münasibət bildirməklə xalqımıza başsağlığı verdiyini,  sovet rəhbərliyinə qarşı açıq etirazını, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini xatırladıb, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıb. Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, eləcə də Azərbaycan həqiqətlərinin, o cümlədən bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılması sahəsində həyata keçirilən mühüm tədbirlərdən bəhs olunub.

Sonra çıxış edən Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Elbrus Quliyev, Xidmət statistikası şöbəsinin baş məsləhətçisi Pərvin Əbülfəsova, İnsan resursları və hüquq şöbəsinin aparıcı məsləhətçisi Flora Tağıyeva faciənin təkcə ölkə tarixində qanla yazılmış bir səhifə kimi deyil, həm də Azərbaycanın müstəqillik yolunda əldə etdiyi bir zəfər kimi anılmasından, terror hadisəsinin ümumxalq hüzn günü kimi əbədiləşdirilməsindən, bu qanlı hadisəyə ilk siyasi və hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin xüsusi rolundan danışıblar. Qeyd olunub ki, keçmiş sovet rejiminin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz dünya tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq.

Sonda 20 Yanvar faciəsinə həsr olunan video-çarx nümayiş olunub.

19.01.2017