Аzərbаycаndа dеmоqrаfik vəziyyət

17.02.2017

 

Ötən il ərzində Azərbaycan Respublikası əhalisinin sayı 104,4 min nəfər və yaxud              1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatmışdır.

2016-cı ildə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş vermişdir. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunmuş və əhalinin sayının ümumi artımının 1,4 faizini təşkil etmişdir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 113 nəfər olmuşdur. Əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi isə kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.

2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən      159,5 min, yaxud hər gün orta hesabla 436 doğulmuş körpə qeydə alınmış və əhalinin hər            1000 nəfərinə bu göstərici 16,5 təşkil etmişdir. Doğulan körpələrin 2734-ü əkiz,                69-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Ötən il ölkədə 56,6 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil etmişdir.

Keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66,8 min nikah və 13,1 min boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olmuşdur.

2016-cı ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3,2 min nəfər gələn və 1,7 min nəfər ölkədən gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil etmişdir.

Əlaqə telefonu: 538-51-43