2016-cı ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

27.02.2017

2016-cı ildə ölkənin avtomobil yollarında 2006 və ya 2015-ci illə müqayisədə 9,6 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da əvvəlki ilə nisbətən 12,6 faiz azalaraq 2762 nəfər olmuşdur. Onlardan 759-u həlak olmuş, 2003-ü isə yaralanmışdır. Hadisələrin 44,0 faizi gündüz, 36,4 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş vermiş, 28,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 87,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2015-ci ilə nisbətən 15,3 faiz azalaraq 497 nəfər, yaralananların sayı isə 11,6 faiz azalaraq 1877 nəfər olmuşdur.

Bütün yol-nəqliyyat hadisələrinin 44,0 faizi nəqliyyat vasitələrinin və piyadaların,  36,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 19,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş və 2015-ci ilə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,4 faiz, 8,5 faiz və 21,0 faiz azalmışdır.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 37 hadisə baş vermiş, nəticədə 18 nəfər ölmüş, 34 nəfər isə yaralanmışdır. Belə hadisələrin 78,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2015-ci ilə nisbətən 13,0 faiz artaraq 2861,9 min olmuşdur. Xətaların 50,0 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,6 faizi yol ayrıcını keçmə, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 85,4 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

Əlaqə telefonu: 538-93-98