Dövlət Statistika Komitəsinin nümayəndəsi Banqkokda keçirilən beynəlxalq konfransda iştirak edir

28.03.2017

27-28 mart tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üçün rəsmi statistikanın transformasiyasının sürətləndirilməsinə həsr olunan konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov iştirak  edir.

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təşkil edilən tədbirin əsas məqsədi region ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli fəaliyyət planlarına inteqrasiyası və uyğunlaşdırılmasına dəstəyin artırılması, statistika sistemlərinin təkmilləşdirilməsi üçün zəruri tədbirlərin və regional əməkdaşlıq mexanizmlərinin müəyyən edilməsindən ibarətdir.

Müvafiq beynəlxalq və regional təşkilatların, Asiya və Sakit okean ölkələrinin DİM üzrə milli əlaqələndirmə qurumlarının, milli statistika təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının, özəl sektor və elmi dairələrinin səlahiyyətli nümayəndələrinin qatıldığı tədbirin gündəliyinə Asiya və Sakit okean ölkələrində DİM-ə nail olunma üzrə strategiyalar, milli göstəricilər sisteminin hazırlanması, tətbiqi və bu sahədə effektiv tərəfdaşlığın yaradılması ilə bağlı aktual məsələlər daxil edilib.

İki gün davam edən konfransda dayanıqlı inkişaf məqsədləri göstəricilərinin milli inkişaf planları və strategiyalarına inteqrasiyası sahəsində Asiya-Sakit okean ölkələrinin statistika orqanlarının əlaqələndirici rolu, tətbiq edilən milli yanaşmalar və qarşıya çıxan çətinliklər, milli göstəricilər sisteminin əsas komponentləri və prinsipləri müzakirə edilir.

 

28.03.2017