Pərakəndə ticarət dövriyyəsi haqqında

13.04.2017

2017-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,6 faiz üstələyərək 7,9 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 4,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,9 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,7 faiz və 2,6 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2016-cı ilin yanvar-mart aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 7 926,1 101,6
o cümlədən:
ərzaq məhsulları, içkilər və tütün məmulatları 4 039,3 100,7
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 401,2 103,0
elektrik malları və mebel 482,7 102,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 61,3 102,1
əczaçılıq və tibbi mallar 104,1 101,9
avtomobil yanacağı 389,3 99,8
digər qeyri-ərzaq məhsulları 1 448,2 103,2

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2017-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 11,2 faizi hüquqi şəxs statuslu müəssisələr, 53,4 faizi fərdi sahibkarlar tərəfindən, 35,4 faizi isə bazar və yarmarkalarda satılmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 272,4 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 36,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 138,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133,6 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

tel.: 538-77- 25