Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Aprelin 19-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kim Çanq-gyu ilə görüşüb.
Səfiri salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan və Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Qeyd olunub ki, son 10 ildə iki ölkə arasında əlaqələr intensiv xarakter daşıyır, Azərbaycan dövləti Koreya Respublikasını iqtisadi əməkdaşlıq baxımından prioritet ölkə kimi qiymətləndirir. Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq, xüsusilə infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə daha aktivdir. Siyasi və iqtisadi sahələrlə paralel olaraq mədəni, elmi-texniki, humanitar əməkdaşlıq genişləndirilir.
Bildirilib ki, iki ölkənin statistika orqanları arasında əməkdaşlıq çərçivəsində cari ilin 3-5 aprel tarixlərində Koreya Statistika Komitəsinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər zamanı Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, “Milli statistika sistemində insan resurslarının inkişafı” və “Dövlət Statistika Komitəsinin statistik məlumat bazasının təkmilləşdirilməsi və metaməlumatlar sisteminin məlumat bazasına inteqrasiyasının təmin edilməsi” layihələri müzakirə olunub.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu səmimi görüşə görə minnətdarlığını bildirib. Səfir iki ölkənin statistika qurumları arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Azərbaycan-Koreya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, statistika sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.