Dövlət Statistika Komitəsində Ulu Öndər H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirilib

05.05.2017

Mayın 5-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə tədbir keçirilib.

Öncə ümummilli lider Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb. Azərbaycanın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, nadir tarixi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin zəngin irsi bütün nəsillərə nümunə və örnəkdir. Ulu öndər hələ sağlığında canlı əfsanəyə, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanaraq xalqımızın ümummilli liderinə çevrilib, əbədiyaşarlıq qazanıb. Dahi rəhbər Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalq yolunda istifadə edib, ulu Öndər bütün həyatını doğma vətəninin tərəqqisinə, Azərbaycanın parlaq gələcəyinə həsr edib. Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışıb ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Vətənini sevən hər bir azərbaycanlı özünün Ümummilli Lideri ilə fəxr edir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dahi şəxsiyyət, qurucu və xilaskar dövlət xadimi, Ulu Öndər, mütəfəkkir olaraq yaşayır, indiki və sonrakı nəsillər onu həmişə sonsuz hörmət və məhəbbətlə yad edəcək.

Komitə sədri vurğulayıb ki, həmişə xalqını düşünən, onun xoş gələcəyi naminə yorulmaq bilmədən çalışan ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan çox böyük qlobal layihələrin təşəbbüskarı və uğurlu icraçısıdır. Dahi liderin əsasını qoyduğu azərbaycançılıq məfkurəsi, uğurlu inkişaf strategiyası Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən daha da zənginləşdirilmiş və keyfiyyətcə yeni müstəvidə davam etdirilir. Ölkəmizin hərtərəfli inkişafı, xalqımızın sosial rifahının yüksəldilməsində Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fəaliyyətə başladığı gündən Heydər Əliyev Fondu onun Prezidenti, Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə respublikamızda və dünyada sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsilin inkişafı, mədəniyyətimizin təbliği istiqamətində reallaşdırdığı çoxsaylı layihələrlə böyük nüfuz və rəğbət qazanıb. Tahir Budaqov Azərbaycanın dəfələrlə mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, IV İslam Həmrəyliyi Oyunlarının da dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına töhvə verəcəyinə əminliyini bildirib.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov bu gün Azərbaycanda qazanılan bütün uğurların Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Qeyd edib ki, ümummilli liderin istər daxili, istərsə də xarici siyasət sahəsində atdığı hər bir addım müstəqil Azərbaycanın inkişafına yol açıb. Azərbaycanın getdikcə artan siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutması məhz Heydər Əliyev siyasətinin uğurlu təntənəsidir.

YAP ərazi ilk partiya təşkilatının sədri Malik Heydərov, Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin baş məsləhətçisi Sevinc Fəttahova, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin məsləhətçisi Nərgiz Həsənli və Bakı Şəhər Statistika İdarəsinin böyük mütəxəssis-statistiki Nigar Nağıyeva öz çıxışlarında ümummilli liderin tarixi missiyasından, xalq qarşısındakı əvəzsiz xidmətlərindən söz açıblar.

Sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Komitə gəncləri arasında keçirilmiş mini futbol üzrə ənənəvi idman turnirinin qalibləri mükafatlandırılıb, bir qrup əməkdaş Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul edilib.

Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Millət Atası” filmin nümayişi ilə başa çatıb.

05.05.2017