Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. Vəsaitin 4344,0 milyon manatı neft sektoruna, 2794,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 70,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 78,6 faizi məhsul istehsalı obyektlərinin, 16,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,4 faizi isə ümumi sahəsi 838,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,0 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,3 faiz, bank kreditləri 11,9 faiz, büdcə vəsaitləri 11,4 faiz, əhalinin şəxsi vəsaitləri 4,6 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil etmişdir.
2017-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilmişdir.