2017-ci ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

15.08.2017

2017-ci ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 848 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,0 faiz azalaraq 1147 nəfər olmuşdur. Onlardan 315-i həlak olmuş, 832-si isə yaralanmışdır. Hadisələrin 45,2 faizi gündüz, 38,1 faizi gecə, 16,7 faizi isə toran vaxtı baş vermiş, 25,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 88,9 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artaraq 223 nəfər, yaralananların sayı isə 13,7 faiz azalaraq 779 nəfər olmuşdur.

Bütün yol-nəqliyyat hadisələrinin 49,1 faizi nəqliyyat vasitələrinin və piyadaların,  32,5 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş və 2016-cı ilin yanvar-iyun aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 7,2 faiz artmış, 16,9 faiz və 15,7 faiz azalmışdır.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,7 faizini, yaralananların isə 73,9 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 14 hadisə baş vermiş, nəticədə 9 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır. Belə hadisələrin 78,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

2017-ci iiln yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 1555,4 min olmuşdur. Xətaların 51,1 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çox), 11,1 faizi dayanma və ya durma qaydalarının pozulması (3,0 faiz çox), 10,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (30,3 faiz çox), 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (83,0 faiz çox), 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (9,4 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 30,3 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

Əlaqə telefonu: 538-93-98