İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında

15.05.2017

2017-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,7 faiz bahalaşmışdır.

Cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalmışdır.

 Ay ərzində düyünün, unun, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, kərə, zeytun və qarğıdalı yağlarının, müxtəlif içli şokoladlı konfetlərin, qəhvə, çay və kakaonun, almanın, armudun, limonun, portağalın, naringinin, bananın, kələmin, kartofun, çuğundurun, yerkökünün, balqabağın, spirtli içkilərin qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, balıq məhsullarının, yumurtanın, pasterizə olunmamış üzlü südün, günəbaxan yağının, şəkər və şəkər tozunun, pomidorun, xiyarın, göyərtinin, soğanın, sarımsağın qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Aprel ayında mart ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, ayaqqabıların, televizor və mobil telefonların qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72