Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Narkotik vasitələrlə bağlı cinayətlər haqqında
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ildə qeydə alınmış 26611 cinayət hadisəsinin 3389-u və ya 12,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, onların da 64,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, 26,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri hazırlama, istehsal və emal etmə, daşıma, göndərmə və satma, 7,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,2 faizini güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 0,1 faizini isə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama cinayətləri təşkil etmişdir.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 2573 nəfərin 90,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 35,3 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil etmişdir. Cinayət törətmiş şəxslərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 6,8 faizi 18-24 yaşlı, 16,0 faizi 25-29 yaşlı gənclər, 77,0 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.
2016-cı ildə 2133,7 kiloqram narkotik maddə müsadirə edilmişdir ki, onların da 1194,9 kiloqramını heroin, 649,6 kiloqramını marixuana, 209,5 kiloqramını tiryək, 37,7 kiloqramını həşiş, həşiş yağı və qətranı, 42 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.
Əlaqə telefonu: 538-90-12