Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Düşənbədə SPECA-nın statistika üzrə İşçi qrupunun 12-ci iclası keçirilib
24-26 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının və Avropa Azad Ticarət Assosasiyasının təşkilatçılığı ilə SPECA-nın (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramı) statistika üzrə İşçi qrupunun 12-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
İşçi qrupunun iclasında Dayanıqlı İnkişaf Məqsədlərinin ölçülməsində əldə olunmuş nailiyyətlər, statistik məqsədlər üçün inzibati məlumatlardan istifadə və bu istiqamətdə gələcək fəaliyyətlər üçün prioritetlər müzakirə olunub. BMT-nin Avropa İqtisadi Komissiyasının, Avropa Azad Ticarət Assosiasiyasının əməkdaşları və dəvət olunmuş beynəlxalq ekspertlər inzibati məlumatların izahı, onlardan istifadənin üstünlüyü, məlumat mənbələrinə girişin təmin olunması, məlumatların inteqrasiyası, eləcə də statistik reyestrdə əhatə olunan inzibati məlumatlar haqqında tədbir iştirakçılarına məlumat veriblər.
İştirakçı ölkələrin nümayəndələri Dayanıqlı İnkişaf Məqsədlərinin ölçülməsi üçün milli səviyyədə görülən işlər, inzibati məlumatların əldə edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, prioritetlər və qarşıda duran vəzifələrlə bağlı təcrübələrini bölüşüblər.