Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Kişineuda rəsmi statistika haqqında model qanunu implementasiyasına həsr olunan seminar keçirilib
21-22 noyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda Avropa İttifaqının Statistika Bürosunun təşkilatçılığı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin statistika qurumlarının nümayəndələri üçün yüksək səviyyəli seminar keçirilib. Seminar Avropa Statistikləri Konfransında 2016-cı ildə qəbul olunmuş “Rəsmi statistika haqqında” model qanunun Moldova Respublikasının təcrübəsi əsasında implementasiyasına həsr olunub. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Komitənin Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə iştirak ediblər.
Seminarda iştirakçı ölkələr tərəfindən təqdimatlar edilərək “Rəsmi statistika haqqında” model qanunun məzmunu və struktur elementləri, milli statistika sistemlərinin əlaqələndirilməsində rəsmi statistika orqanlarının funksiyaları ətrafında müzakirələr aparılıb, inzibati məlumat mənbələrinə giriş və onlardan istifadə etməklə respondentlərə düşən yükün azaldılması, statistikada keyfiyyətin idarə edilməsi sahəsində ölkə təcrübələri diqqətə çatdırılıb.
Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri təqdimatla çıxış edərək keyfiyyətin idarə edilməsi sistemi sahəsində ölkəmizdə əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr haqqında məlumat verərək öz təcrübələrini bölüşüblər.