Əsas kapitala yönəldilmiş vəsait haqqında   

15.11.2017

 2017-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 12536,5 milyon manat vəsaitin 5441,4 milyon manatı və ya 43,4 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artmışdır. Ümumi sərmayənin 73,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 77,2 faizi məhsul istehsalı obyektlərinin, 16,8 faizi xidmət sahələri üzrə obyektlərin, 6,0 faizi isə ümumi sahəsi 1399,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,0 faizini təşkil etmişdir.

 Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,5 faiz, bank kreditləri 12,4 faiz, büdcə vəsaitləri 13,5 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil etmişdir.

2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Balaxanı Sənaye Parkı, Bakı-Tbilisi-Qars dəmir yolu, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, “Xəzər Palace” otel kompleksi, Balakən rayonunda Balakən Su Elektrik Stansiyası, Cəlilabad rayonunda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi, Gədəbəy rayonunda  limonad zavodu, 35/10 kV-luq “Gədəbəy” elektrik yarımstansiyası, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kV-luq elektrik yarımstansiyası, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi, 110/35/6 kV-luq “Neftçala” yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası, Salyan rayonunda 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyası, Şəmkir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmətli” elektrik yarımstansiyası, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və Şamaxı rayonunda 2312 şagird yerlik 6 ümumtəhsil məktəb binası, Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində və Samux rayonunda 524 yerlik 4 məktəbəqədər təhsil müəssisəsi və s. obyektlər istifadəyə verilmişdir.

Əlaqə telefonu: 539-84-02