“Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” tvinninq layihəsi başa çatıb

24.11.2017

Noyabrın 24-də Bakıda “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” tvinninq layihəsinin bağlanış mərasiminə həsr olunan konfrans keçirilib.

Öncə Avropa İttifaqı tərəfindən maliyyələşdirilmış tvinninq layihəsi üzrə 2 il ərzində görülmüş işlərdən bəhs edən video-çarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov konfrans iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu milli inkişaf modelinin tətbiqi, siyasi-iqtisadi islahatların ardıcıl həyata keçirilməsi nəticəsində bu gün müstəqil Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasına qoşulub.  Siyasi, iqtisadi, sosial, mədəni və bir çox sahələrdə əldə edilən yüksək göstəricilər və uğurlu quruculuq tədbirləri ölkəmizin dinamik inkişafını nümayiş etdirən faktorlar hesab edilir. Dövlətimizin davamlı inkişafına təkan verən bütün bu tədbirlərin böyük uzaqgörənliklə hazırlanması, inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələrinin qiymətləndirilməsi üçün rəsmi statistika əsas məlumat mənbəyi hesab olunur. Son illərdə rəsmi statistikanın inkişafına güclü təkan verən islahatların əyani nümunəsidir ki, milli statistika sistemi təkmilləşdirilmiş, statistika sisteminin hüquqi bazası gücləndirilmiş və milli statistik təsnifatların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin və metodologiyaların yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən hesabat yükünün azaldılması, rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Görülmüş işlərin nəticəsidir ki, statistika sahəsində inzibati və texniki potensialın, milli statistikanın beynəlxalq standartlara uyğunluğu baxımından inkişaf səviyyəsinin qiymətləndirilməsi məqsədilə 2016-cı il 12-16 sentyabr və 2017-ci il 6-9 fevral tarixlərində Avropa Statistika Bürosu, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən keçirilmiş Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi (xarici auditi) üzrə hesabatda ölkəmizin statistika sisteminin beynəlxalq standartlara uyğun olduğu rəsmən təsdiqlənmişdir. 

“Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” tvinninq layihəsi barədə ətraflı məlumat verən Tahir Budaqov bildirib ki, Dövlət Statistika Komitəsinin benefisiarı olduğu və 5 komponenti əhatə edən Tvinninq layihəsinin məqsədi statistik keyfiyyətin idarə olunması sisteminin və coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayılmasının təkmilləşdirilməsi, əhalinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahələrində rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılmasından ibarət olmuşdur.

Qeyd olunub ki, iki il davam etmiş və bu gün uğurlu layihələrdən biri kimi qiymətləndirilən tvinninq layihəsinin əsas tərəfdaşları kimi Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu çıxış etmişdir. Bu ölkələrlə yanaşı, Avropa İttifaqına digər üzv ölkələrin, o cümlədən Niderland, Çexiya, Sloveniya, Xorvatiya və Latviyanın 35 yüksəkixtisaslı eksperti tvinninq layihəsinə məsləhətçi qismində cəlb olunmuşdur. Dövlət Statistika Komitəsinin 64 mütəxəssisi layihədə iştirak etmiş, beynəlxalq ekspertlərin ölkəmizə 37 missiyası  həyata keçirilmiş, Komitə mütəxəssislərinin isə həmin ölkələrə 14 təlim səfəri baş tutmuşdur.

Konfransda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Litva Statistika İdarəsinin baş direktoru Vilija Lapeniene açılış nitqi ilə çıxış ediblər.

Avropa İttifaqının Statistika Bürosunun nümayəndəsi Yuri Skaskeviç isə 2016-cı il 12-16 sentyabr və 2017-ci il 6-9 fevral tarixlərində Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğunluğu baxımından inkişaf səviyyəsinin qiymətləndirilməsinin yekunları ilə bağlı məruzə edib. 

Sonra tvinniq layihəsi üzrə “Statistik keyfiyyətin idarə olunması”, “Coğrafi İnformasiya Sistemi”, “Gəlirlər və həyat şəraitinə dair statistika”, “Əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə dair statistika” və “Turizm statistikası” komponentləri üzrə təqdimatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Yekunda Almaniya Federal Statistika İdarəsinin məsul işçisi, Avropa İttifaqına üzv dövlət tərəfindən layihə rəhbəri Rinqo Raupax tvinniq layihəsi çərçivəsində görülən işlərə dair hesabatla çıxış edib.      

Konfransda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkələrin statistika qurumlarının təmsilçiləri, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvləri də iştirak ediblər.