Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
Yanvarın 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirilən 20 Yanvar faciəsinin təkcə ölkə tarixində qanla yazılmış bir səhifə kimi deyil, həm də Azərbaycanın müstəqillik yolunda əldə etdiyi bir zəfər kimi anılmasından, terror hadisəsinin Ümumxalq Hüzn Günü kimi əbədiləşdirilməsindən danışıb. Qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq, bu, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Tahir Budaqov 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək sovet hərbi birləşməsinin dinc əhaliyə divan tutmasına qarşı kəskin münasibət bildirməklə xalqımıza başsağlığı verdiyini, ittifaq rəhbərliyinə qarşı açıq etirazını, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin səbəbləri və nəticələrinin daha dəqiq araşdırıldığını və faciəyə hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymət verildiyini xatırladıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, o cümlədən bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə göstərilən dövlət qayğısı istiqamətində həyata keçirilən mühüm tədbirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra çıxış edən Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və digərləri qeyd ediblər ki, 20 Yanvar faciəsi xalqımızın şanlı tarixində qəhrəmanlıq, yenilməzlik salnaməsi kimi əbədiləşib. Çıxışlarda 1990-cı ilin Qanlı Yanvarında Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədildiyindən, bu faciənin yaranma səbəbləri və tarixi köklərindən söhbət açılıb, insanlıq əleyhinə olan bu amansız cinayətin cəzasız qalmayacağına əminlik ifadə edilib.
Anım tədbiri 20 Yanvar faciəsindən bəhs edən filminin nümayişi ilə başa çatıb.