Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Fevralın 7-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvinin və digər əməkdaşlarının də qatıldığı görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında fəal tərəfdaşlıq, o cümlədən Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı, iş yerlərinin diaqnostikası, yoxsulluğun qiymətləndirilməsi çərçivəsində planlaşdırılan fəaliyyətlər və Dünya Bankının Dövlət Statistika Komitəsi ilə həyata keçirdiyi layihələr ətrafında müzakirə aparılıb.
Dünya Bankının nümayəndə heyətini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edildiyini, makroiqtisadi sabitliyin nəinki qorunub saxlanıldığını, eyni zamanda iqtisadi potensialın daha da gücləndirildiyini bildirib. Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi ilə bağlı sistemli tədbirlərin görüldüyünü qeyd edən Komitə sədri bu istiqamətdə statistik informasiya təminatının daha da gücləndirilməsi məqsədilə statistika sistemində aparılmış islahatlar, qazanılmış nailiyyətlər və planlaşdırılan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Dövlət Statistika Komitəsinin təşəbbüsü və Avropa İttifaqının Statistika Bürosuna (Avrostat) rəsmi müraciəti əsasında baş tutan və Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən keçirilmiş Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin nəticələrində Azərbaycanın milli statistika sisteminin beynəlxalq və Avropa standartlarına əsasən uyğun olduğu rəsmən təsdiq edilib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon səmimi görüşə görə məmnunluğunu ifadə edib. Ölkə iqtisadiyyatının inkişafı və dayanıqlılığın statistik göstəricilərdə qabarıq müşahidə olunduğunu, Davos Ümumdünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması, həmçinin, həmin təşkilatın ənənəvi inklüziv inkişaf indeksində dünyada inkişaf edən dövlətlər arasında üçüncü yerə layiq görülməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Azərbaycan Respublikasının statistika sisteminin daha da təkmilləşdiriləsi istiqamətində aparılan işlərin müsbət əhəmiyyətini, bununla bağlı Dünya Bankı tərəfindən zəruri dəstək göstəriləcəyini vurğulayıb.
Görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında statistika sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.