Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 116 ölkəyə məhsul ixrac olunmuş, 179 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsi 24257,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15475,6 milyon dollar, idxalın dəyəri 8782,0 milyon dollar təşkil etmiş, nəticədə 6693,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz artmış, real ifadədə isə 10,7 faiz, o cümlədən ixrac 7,1 faiz, idxal 16,1 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,9 faizini İtaliyaya, 9,9 faizini Türkiyəyə, 4,6 faizini İsrailə, 4,3 faizini Rusiyaya, 4,0 faizini Çexiyaya, 3,9 faizini Kanadaya, hər biri 3,4 faiz olmaqla Gürcüstan və İndoneziyaya, 3,3 faizini Almaniyaya, hər biri 3,2 faiz olmaqla Portuqaliya və Çinə, 2,6 faizini Hindistana, 2,5 faizini Ukraynaya, 2,4 faizini Fransaya, qalan 17,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 14,5 faizi Türkiyə, 9,7 faizi Çin, 8,2 faizi ABŞ, 5,2 faizi Ukrayna, 5,1 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,0 faizi Braziliya, 1,9 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Norveç və Fransa, 23,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2017-ci ilin yanvar-dekabr aylarında 1538,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-dekabr aylarına nisbətən faktiki qiymətlərlə 24,4 faiz, real ifadədə isə 22,2 faiz çoxdur.
2017-ci ilin yanvar-dekabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,6 faiz, təzə tərəvəz – 84,5 faiz, kartof – 50,7 faiz, tütün – 2,1 dəfə, meyvə və tərəvəz şirələri – 57,3 faiz, çay – 52,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 97,9 faiz, meyvə və tərəvəz konservləri – 3,2 faiz, qara metallardan borular – 2,2 faiz, pambıq lifi – 4,3 dəfə, bentonit gili – 2,9 dəfə artmış, şəkər ixracı isə 43,5 faiz, bitki yağları – 7,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 11,3 faiz, polietilen – 10,9 faiz, emal olunmamış alüminium – 27,2 faiz, qara metallardan yarımfabrikatlar – 49,7 faiz, pambıq ipliyi – 24,9 faiz azalmışdır.
2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-dekabr aylarında xam şəkər və şəkər idxalı 1,0 faiz, təzə meyvə – 3,8 faiz, çay – 7,7 faiz, quş əti və onun əlavə məhsulları – 5,7 faiz, mal əti – 76,0 faiz, siqaret – 18,6 faiz, minik avtomobilləri – 2,3 dəfə, polad prokatı – 5,6 faiz, hesablama maşınları, blok və qurğuları – 44,0 faiz, rezin şinlər – 35,0 faiz, qara metallardan çubuqlar – 10,7 faiz, mineral gübrələr – 8,2 faiz, polietilen – 4,5 faiz, paltaryuyan maşınlar – 63,4 faiz, qara metallardan künclüklər – 22,2 faiz, məişət kondisionerləri – 24,2 faiz, yük avtomobilləri – 2,1 dəfə, avtobuslar – 94,8 faiz artmış, buğda idxalı isə 20,3 faiz, bitki yağları – 5,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,9 faiz, kartof – 12,3 faiz, təzə tərəvəz – 38,8 faiz, qara metallardan borular – 41,8 faiz, mebel – 20,5 faiz, sement və sement klinkerləri – 91,9 faiz, məişət soyuducuları – 0,8 faiz azalmışdır.
Əlaqə telefonu: 538-77-25