2017-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

14.02.2018

2017-ci ildə ölkənin avtomobil yollarında 1833 və ya 2016-cı illə müqayisədə 8,6 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,6 faiz azalaraq 2469 nəfər olmuşdur. Onlardan 750-si həlak olmuş, 1719-u isə yaralanmışdır. Hadisələrin 43,5 faizi gündüz, 38,0 faizi gecə, 18,5 faizi isə toran vaxtı baş vermiş, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 87,7 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilə nisbətən 4,2 faiz artaraq 518 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1613 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2017-ci il, vahid 2016-cı ilə nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1833 91,4
Məkanına görə:
magistral avtomobil yollarında 225 86,5
yaşayış məntəqələrində 1608 92,1
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı 797 90,3
toran vaxtı 340 86,5
gecə vaxtı 696 95,3
Yol örtüyünün vəziyyətinə görə
quru yol örtüyü 1751 93,7
digər (yaş, buz və s.) 82 59,9
Zərərçəkənlərin sayı, nəfər 2469 89,4
həlak olanlar 750 98,8
yaralananlar 1719 85,8

Bütün yol-nəqliyyat hadisələrinin 51,2 faizi (əvvəlki illə müqayisədə 6,3 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 30,8 faizi (22,7 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 18,1 faizi (16,0 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,0 faizini, yaralananların isə 71,4 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 29 hadisə baş vermiş, nəticədə 16 nəfər ölmüş, 25 nəfər isə yaralanmışdır. Belə hadisələrin 75,9 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2016-cı ilə nisbətən 17,6 faiz artaraq 3365,4 min olmuşdur. Xətaların 52,5 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (2016-cı illə müqayisədə 23,5 faiz çox), 10,0 faizi dayanma və ya durma qaydalarının pozulması (1,3 faiz az), 10,0 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (0,9 faiz çox), 9,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (46,2 faiz çox), 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (0,8 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 73,7 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

Əlaqə telefonu: 538-93-98