Əsas kapitala yönəldilmiş vəsait haqqında   

16.03.2018

 2018-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 1824,7 milyon manat vəsaitin 816,2 milyon manatı və ya 44,7 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 29,8 faiz artmışdır. Ümumi sərmayənin 74,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 79,3 faizi məhsul istehsalı obyektlərinin, 14,8 faizi xidmət sahələri üzrə obyektlərin, 5,9 faizi isə ümumi sahəsi 242,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 50,8 faizini təşkil etmişdir.

 Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 68,1 faiz, bank kreditləri 10,9 faiz, büdcə vəsaitləri 15,0 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,5 faiz, sair vəsaitlər isə 0,1 faiz təşkil etmişdir.

2018-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə 2 müəssisəsi, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi və s. obyektlər istifadəyə verilmişdir.

Əlaqə telefonu: 539-87-17