Arıçılıq haqqında

16.03.2018

 

“Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arıçılıq sahəsində rəsmi statistika materiallarının istehsalını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə 2017-ci ildə 21165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal, 90,2 ton mum, 11,2 ton vərəmum, 8,1 ton güləm və 281,7 kq arı südü əldə olunmuşdur. Balın 1 kiloqramının orta satış qiyməti 23,7 manat, mumun orta satış qiyməti 11,5 manat, vərəmumun orta satış qiyməti 116,7 manat, güləmin orta satış qiyməti 56,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,9 manat olmuşdur.

2017-ci ildə 54,8 min ABŞ dolları dəyərində 6,5 ton bal 5 ölkəyə ixrac edilmişdir ki, onun da 93,8 faizi Yaponiyanın payına düşür.

Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 9 ildə arı ailələrinin sayı 1,9 dəfə, arıçılıqla məşğul olan təsərrüfatlarda bir təsərrüfata düşən arı ailələrinin sayı 11,1-dən 12,8-dək, bal istehsalı isə 2,2 dəfə artmışdır.

Müşahidə zamanı arıçılıq təsərrüfatları bu sahənin daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən güzəştli kreditlərin ayrılması, arıçılıq üzrə damazlıq təsərrüfatlarının yaradılması, bal satışı yarmarkalarının mütəmadi keçirilməsi, qablaşdırılmış və satışa çıxarılmış arıçılıq məhsullarının keyfiyyətinin yoxlanılması kimi  təkliflər irəli sürmüşlər.

Əlaqə telefonu: 538-73-57