2018-ci ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

03.05.2018

2018-ci ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 376 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 505 nəfər olmuşdur. Onlardan 162-si həlak olmuş, 343-ü isə yaralanmışdır. Hadisələrin 35,1 faizi gündüz, 37,2 faizi gecə, 27,7 faizi isə toran vaxtı baş vermiş, 26,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 91,8 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 136 nəfər, yaralananların sayı isə 15,0 faiz azalaraq 328 nəfər olmuşdur.

Göstəricinin adı 2018-ci ilin yanvar-mart aylarında, vahid 2017-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi 376 92,4
Məkanına görə:
magistral avtomobil yollarında 31 75,6
yaşayış məntəqələrində 345 94,3
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı 132 69,5
toran vaxtı 104 131,6
gecə vaxtı 140 101,4
Yol örtüyünün vəziyyətinə görə
quru yol örtüyü 336 91,3
digər (yaş, buz və s.) 40 102,6
Zərərçəkənlərin sayı, nəfər 505 88,1
həlak olanlar 162 100,0
yaralananlar 343 83,5

Bütün yol-nəqliyyat hadisələrinin 53,2 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 31,1 faizi (14,6 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 15,7 faizi (21,3 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,9 faizini, yaralananların isə 79,0 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş vermiş, nəticədə 8 nəfər ölmüş, 8 nəfər yaralanmışdır. Belə hadisələrin 72,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

2018-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 786,2 min olmuşdur. Xətaların 50,1 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çox), 13,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (47,2 faiz çox), 12,6 faizi dayanma və ya durma qaydalarının pozulması (12,0 faiz çox), 10,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,4 faiz az), 2,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (24,8 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 14,2 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

Əlaqə telefonu: 538-93-98