Pərakəndə ticarət dövriyyəsi haqqında

11.05.2018

2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 10,9 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 5,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2017-ci ilin yanvar-aprel aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 10 888,8 102,5
o cümlədən:
ərzaq məhsulları 4 922,6 102,1
içkilər və tütün məmulatları 543,5 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 929,5 103,4
elektrik malları və mebellər 684,2 102,9
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 80,7 102,0
əczaçılıq və tibbi mallar 137,5 102,3
avtomobil yanacağı 626,8 101,7
digər qeyri-ərzaq məhsulları      1 964,0 103,3

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2018-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının 13,5 faizi ticarət müəssisələri, 52,4 faizi fərdi sahibkarlar tərəfindən, 34,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 21,0 faiz, fərdi sahibkarlar üzrə 0,3 faiz artmış, bazar və yarmarkalarda isə 0,2 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  278,0 manat və ya 2017-ci ilin yanvar-aprel aylarının göstəricisindən nominal ifadədə 14,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,4 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

Əlaqə telefonu: 538-77-25