2018-ci ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

08.08.2018

2018-ci ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 806 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,4 faiz azalaraq 1074 nəfər olmuşdur. Onlardan 311-i həlak olmuş, 763-ü isə yaralanmışdır. Hadisələrin 39,5 faizi gündüz, 38,7 faizi gecə, 21,8 faizi isə toran vaxtı baş vermiş, 30,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 91,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artaraq 250 nəfər, yaralananların sayı isə 6,5 faiz azalaraq 728 nəfər olmuşdur.

Göstəricinin adı 2018-ci ilin yanvar-iyun aylarında, vahid 2017-ci ilin yanvar-iyun  aylarına nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi 806 95,0
Məkanına görə:
magistral avtomobil yollarında 71 75,5
yaşayış məntəqələrində 735 97,5
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı 318 83,0
toran vaxtı 176 123,9
gecə vaxtı 312 96,6
Yol örtüyünün vəziyyətinə görə
quru yol örtüyü 756 94,6
digər (yaş, buz və s.) 50 102,0
Zərərçəkənlərin sayı, nəfər 1074 93,6
həlak olanlar 311 98,7
yaralananlar 763 91,7

Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19,0 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,7 faizini, yaralananların isə 75,0 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş vermiş, nəticədə 12 nəfər ölmüş, 19 nəfər yaralanmışdır. Belə hadisələrin 69,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

2018-ci ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 1619,7 min olmuşdur. Xətaların 50,3 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox), 13,9 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (52,6 faiz çox), 12,4 faizi dayanma və ya durma qaydalarının pozulması (15,5 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,5 faiz çox), 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (56,5 faiz çox), 3,0 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,7 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 34,1 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

Əlaqə telefonu: 538-93-98