Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Turizmin inkişafı haqqında
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 31,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Gürcüstan, 10,3 faizi Türkiyə, 10,0 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 20,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 67,2 faizini kişilər, 32,8 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 11,3 faizi yanvar, 10,0 faizi fevral, 16,7 faizi mart, 13,2 faizi aprel, 12,6 faizi may, 16,2 faizi iyun, 20,0 faizi isə iyul ayında ölkəyə gəlmişdir.
Cari ilin yanvar-iyul aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,0 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,7 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, İraq vətəndaşlarının sayı 25,1 faiz, Oman vətəndaşlarının sayı 16,5 faiz artmışdır. İrandan gələnlərin sayında 21,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 2,7 faiz azalma müşahidə edilmişdir. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,0 faiz artaraq 355,3 min nəfər təşkil etmiş və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olmuşdur.
2018-ci ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,4 faiz artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 faiz artaraq 614,2 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,8 faizi dəmir yolu və avtomobil, 42,2 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə etmişdir.
2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz artaraq 2514,8 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 24,0 faizi İrana, 22,9 faizi Rusiya Federasiyasına, 15,2 faizi Türkiyəyə, 1,4 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 2,1 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 67,9 faizi kişilər, 32,1 faizi isə qadınlar olmuşdur.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,2 faiz, Gürcüstana gedənlərin sayı 0,9 faiz artmış, Türkiyəyə gedənlərin sayı 5,5 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalmışdır.
Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,9 faizi dəmir yolu və avtomobil, 19,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Əlaqə telefonu: 538 81 76