Narkotik vasitələrlə bağlı cinayətlər haqqında

27.08.2018

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən 2018-ci ilin yanvar – iyun aylarında  qeydə alınmış 12844 cinayət hadisəsinin 1813-ü və ya 14,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, onların da 58,2 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri müvafiq qanunla müəyyən edilməyən qaydada satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə və satma, 6,5 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,1 faizini isə  güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər təşkil etmişdir.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1227 nəfərin 87,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 38,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil etmişdir. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,3 faizi 18-24 yaşlı, 13,3 faizi 25-29 yaşlı gənclər, 79,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.

2018-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1441,9 kiloqram narkotik maddələrin 674,5 kiloqramını heroin, 508,8 kiloqramını marixuana, 198,9 kiloqramını tiryək, 44,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 15,3 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.

Əlaqə telefonu: 538-90-12