Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşmışdır.
Cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
Ay ərzində unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma, yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, oyuncaqların, kitabların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, müalicə ləvazimatları və cihazlarının, minik avtomobillərinin, velosipedlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Sentyabr ayında avqust ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazlarının, avtomobillərin təmiri, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma, bərbərxana, kosmetoloji, stomatoloji, ictimai iaşə xidmətlərinin qiymətləri, mənzillərin icarə haqqı, kompüter və xarici dil kurslarında təhsil haqqı bahalaşmış, respublikadan kənara istirahət turlarının qiymətləri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Əlaqə telefonu: 538-52-72