Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10148,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilmişdir. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 20,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 24,4 faiz artmışdır. Ümumi sərmayənin 69,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 69,3 faizi məhsul istehsalı obyektlərinin, 22,4 faizi xidmət sahələri üzrə obyektlərin, 8,3 faizi isə ümumi sahəsi 1503,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 60,7 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,1 faiz, bank kreditləri 13,6 faiz, büdcə vəsaitləri 25,7 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, büdcədənkənar fondların vəsaitləri 1,8 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil etmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Goranboy rayonunda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, İsmayıllı rayonunda Heyvandarlıq Kompleksi, Aqropark, “İsmayıllı” elektrik yarımstansiyası, “Azərxalça” ASC-nin İsmayıllı filialı, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, Şamaxı rayonunda Üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu, Masallı rayonunda Sənaye məhəlləsi, Çəltik emalı müəssisəsi, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi, 1444 şagird yerlik 4, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı rayonlarında 5816 şagird yerlik 5 ümumtəhsil məktəb binası və s. obyektlər istifadəyə verilmişdir.
Əlaqə telefonu: 539-87-17