Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2018-ci ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1284 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,4 faiz azalaraq 1771 nəfər olmuşdur. Onlardan 527-si həlak olmuş, 1244-ü isə yaralanmışdır. Hadisələrin 40,4 faizi gündüz, 40,0 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 407 nəfər, yaralananların sayı isə 0,8 faiz azalaraq 1172 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2018-ci ilin yanvar-sentyabr aylarında, vahid | 2017-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1284 | 96,3 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 135 | 80,4 |
yaşayış məntəqələrində | 1149 | 98,5 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 519 | 86,8 |
toran vaxtı | 252 | 122,9 |
gecə vaxtı | 513 | 96,6 |
Yol örtüyünün vəziyyətinə görə | ||
quru yol örtüyü | 1290 | 96,1 |
digər (yaş, buz və s.) | 54 | 100,0 |
Zərərçəkənlərin sayı, nəfər | 1771 | 97,6 |
həlak olanlar | 527 | 95,1 |
yaralananlar | 1244 | 98,7 |
Bütün yol-nəqliyyat hadisələrinin 44,1 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi (5,5 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 21,3 faizi (2,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,2 faizini, yaralananların isə 74,5 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 32 hadisə baş vermiş, nəticədə 13 nəfər ölmüş, 31 nəfər yaralanmışdır. Belə hadisələrin 71,9 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 2635,4 min olmuşdur. Xətaların 51,5 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox), 13,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (60,7 faiz çox), 10,3 faizi dayanma və ya durma qaydalarının pozulması (6,1 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (12,4 faiz çox), 3,8 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (19,1 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,9 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.
Əlaqə telefonu: 538-93-98