Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində ötən ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası, statistika orqanlarının ötən ildəki fəaliyyəti və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 1-də Dövlət Statistika Komitəsi aparatının, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
İclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirildiyini, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirildiyini, ötən ildə makroiqtisadi sabitliyin təmin olunduğunu, ölkəmizin dünyada artan nüfuzunün və inkişaf tempinin daha da gücləndiyini diqqətə çatdırıb. Bildirib ki, Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2018-ci ildə iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, kənd təsərrüfatı 4,6%, qeyri-neft sənaye məhsulu 9,1%, əhalinin nominal gəlirləri 9,2% artıb, əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub, ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artaraq 45 mlrd. dollara çatıb, 118 min daimi iş yeri yaradılıb, xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib. Eyni zamanda 2018-ci il beynəlxalq müstəvidə ciddi uğurlarla da yadda qalıb, ötən ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, STAR Neft Emalı Zavodu istifadəyə verilib və üçüncü peykimiz - “Azerspace-2” orbitə buraxılıb.
Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünya birliyi və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini deyən Komitə sədri ölkəmizin “Doing Business 2019” hesabatında yeni rekorda imza atdığını, ən islahatçı 10 dövlət siyahısına daxil edildiyini, dünyanın ən çox islahat aparan ölkəsi elan olunduğunu, beləliklə əvvəlki illə müqayisədə 32 pillə irəlilələməklə 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəldiyini xatırladıb.
Tahir Budaqov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Komitə tərəfindən həyata keçirilən islahatlar və qurumun 2018-ci ildəki faəliyyəti barədə ərtaflı məlumat verib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsini, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsini və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsini təmin etmək məqsədi ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb. Bildirib ki, ötən ildə hədəflənən layihələr çərçivəsində statistik infrastruruktur yenilənib, statistik istehsal prosesinin səmərəliliyi yüksəldilib, milli və beynəlxalq tələblər nəzərə alınmaqla hesabat formalarına və metodoloji tövsiyələrə yenidən baxılıb, statistik vahidlərlə və istifadəçilərlə işlərin təşkilində mühüm tədbirlər həyata keçirilib. Belə ki, 7 mart 2018-ci il tarixində ölkə başcısının iştirakı ilə istifadəyə verilən Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasında statistiklərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Kollegiya iclasında vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini diqqət mərkəzində saxlamış və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2018-ci il üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları əsasında qurmuş və qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə əsasən nail olunmuşdur.
Qeyd olunub ki, hesabat dövründə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri metodoloji bazanın möhkəmləndirilməsi olmuş, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 50 metodoloji material hazırlanmışdır. Eyni zamanda “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına uyğun olaraq Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələrin icrası təmin edilib. Siyahıyaalma ilə bağlı təşkilati işləri, siyahıyaalma materiallarının hazırlanması və çapı, kadr təminatı, kütləvi izahat işlərinin təşkili, texniki təminat məsələləri, siyahıyaalmanın keçirilməsi və sənədlərin qəbulu, siyahıyaalma məlumatlarının işlənilməsi, yekunlarının dərc edilməsi və yayılması, siyahıyaalma materiallarının arxivləşdirilməsi və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə bağlı görüləcək işləri özündə əks etdirən “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı” Dövlət Statistika Komitəsi tərəfindən uğurla icra olunur. Əhalinin siyahıyaalınmasına hazırlıq mərhələsinin ən vacib tədbirlərindən biri olan və siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunması məqsədilə formalar, habelə “Əhalinin siyahıyaalınması ilə bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsinə dair göstərişlər” təsdiq edilib. Hazırlanmış 50-yə yaxın metodoloji və köməkçi sənədlər 2018-ci ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda aparılmış əhalinin sınaq siyahıyaalınması zamanı uğurla sınaqdan keçirilib.
Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla məlumat mübadiləsi təşkil edir ki, ötən ildə BMT və onun regional təşkilatları, Avropa İttifaqı, BVF, BƏT, YUNİSEF, YUNESKO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə fəal əməkdaşlıq davam etdirilib.
Ölkə və onun regionları üzrə sosial-iqtisadi vəziyyəti əks etdirən icmal statistik və təhlili məlumatlarla idarəetmə orqanlarının və digər istifadəçilərin təmin edilməsi məqsədilə aparatın şöbələri və yerli statistika orqanları tərəfindən il ərzində ümumilikdə 2935 təhlili məruzə hazırlanıb. Komitənin internet səhifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilib və yenilənib, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə 15 minə yaxın cədvəli, təhlil və metodoloji materialları əhatə edib. 2018-ci ildə internet səhifəsindən 93.6 faizi ölkə ərazisindən, 6.4 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 9097 istifadəçi bəhrələnib. Koreya Statistika Komitəsi ilə birgə həyata keçirilən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistika məlumatlarının yayım sistemi real vaxt rejimdə istifadəyə verilib.
2018-ci ildə statistika sistemində aparılmış islahatlar, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin və Strateji Yol Xəritələrində nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, əldə olunan nailiyyətlərlə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulovun, Dövlət Statistika Komitəsi aparatının şöbə müdirlərinin və yerli statistika orqanlarının rəhbərlərinin çıxışları dinlənilib.
Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarına konkret tapşırıqlar verib.