Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov UNFPA-nın regional direktoru ilə görüşüb
Aprelin 2-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə ölkə direktoru Karl Kulessa ilə görüşüb.
Görüşdə Dövlət Statistika Komitəsi ilə UNFPA arasında gələcək əməkdaşlıq prespektivləri və 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri müzakirə edilib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qonağı salamlayaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafının dayanıqlı və sistemli xarakter daşıdığını, ölkə iqtisadiyyatının bütün sahələri kimi milli statistika sisteminin də inkişaf etdiyini və daim təkmilləşdirildiyini qeyd edib. Tahir Budaqov 1-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq işləri barədə də ətraflı məlumat verib. Bildirib ki, ötən ilin oktyabrında Qəbələ rayonunda keçirilmiş sınaq siyahıyaalınması zamanı əldə edilən təcrübədən əsas siyahıyaalınmanın daha yüksək səviyyədə təşkili üçün istifadə olunacaq, hazırda isə Təqvim planında nəzərdə tutulmuş tədbirlər uğurla icra olunur.
UNFPA-nın regional direktoru Karl Kulessa səmimi görüşə görə minnətdarlığını bildirib. UNFPA-nın Azərbaycanın bır sıra dövlət qurumları, o cümlədən Dövlət Statistika Komitəsi ilə fəal əməkdaşlıq etdiyini qeyd edib. Karl Kulessa Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahiyaalmasına hazırlıq işlərini də yüksək qiymətləndirib, hər cür dəstəyə hazır olduqlarını vurğulayıb.
Görüşdə Dövlət Statistika Komitəsi ilə UNFPA arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.