Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2019-cu ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2019-cu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 374 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,2 faiz azalaraq 484 nəfər olmuşdur. Onlardan 142-si həlak olmuş, 342-si isə yaralanmışdır. Hadisələrin 43,3 faizi gündüz, 36,9 faizi gecə, 19,8 faizi isə toran vaxtı baş vermiş, 26,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 26,5 faiz azalaraq 100 nəfər, yaralananların sayı isə 1,2 faiz artaraq 332 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2019-cu ilin yanvar-mart aylarında, vahid | 2018-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 374 | 99,5 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 40 | 129,0 |
yaşayış məntəqələrində | 334 | 96,8 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 162 | 122,7 |
toran vaxtı | 74 | 71,2 |
gecə vaxtı | 138 | 98,6 |
Yol örtüyünün vəziyyətinə görə | ||
quru yol örtüyü | 348 | 103,6 |
digər (yaş, buz və s.) | 26 | 65,0 |
Zərərçəkənlərin sayı, nəfər | 484 | 95,8 |
həlak olanlar | 142 | 87,7 |
yaralananlar | 342 | 99,7 |
Bütün yol-nəqliyyat hadisələrinin 48,1 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 29,7 faizi (5,1 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 22,2 faizi (40,7 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9 faizini, yaralananların isə 75,7 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş vermiş, nəticədə 1 nəfər ölmüş, 6 nəfər yaralanmışdır. Hadisələr minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
2019-cu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz azalaraq 701,6 min olmuşdur. Xətaların 42,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz az), 11,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (1,2 faiz az), 8,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (44,3 faiz az), 7,5 faizi dayanma və ya durma qaydalarının pozulması (47,0 faiz az), 4,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (15,7 faiz az), 3,8 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (29,0 faiz çox), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 23,1 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.
Əlaqə telefonu: 538-93-98