Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsinin nümayəndələri Bolqarstanda təşkil edilən təlimə qatılıblar
24-28 iyun 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində Bolqarıstanın Milli Statistika İnstitutunda statistik təsnifatlar üzrə təşkil edilmiş təlim səfərində iştirak edirlər.
Təlim səfərinin məqsədi statistik təsnifatların hazırlanmasının hüquqi əsasları, milli təsnifatların hazırlanması prosesi, yeni və köhnə təsnifatlar arasında keçid “açarları”nın yaradılması, təsnifatların hazırlanması zamanı digər qurumlarla olan əməkdaşlıq, həmçinin Avropa İttifaqının Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturasının (NUTS) hazırlanması, onun həm rəsmi statistika məqsədləri, həm də digər dövlət qurumları tərəfindən aidiyyəti üzrə istifadəsi sahəsində Bolqarıstan Milli Statistika İnstitutunun təcrübəsinin öyrənilməsindən ibarətdir.
Təlim səfərində, həmçinin Azərbaycan Respublikasında təsnifatlar sistemi haqqında təqdimat da nümayiş olunaraq Dövlət Statistika Komitəsində təsnifatların hazırlanması mərhələləri, təsnifatlarda dəyişikliklərin aparılmasının əsasları və təsnifatların hazırlanmasında qarşıya çıxan problemlər barədə məlumat verilib.