Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimi keçirilib
İyulun 2-də “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşəbbüsü və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və İnkişaf Proqramının (UNDP) ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakassetti çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanına əsasən, Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi altında Dövlət Statistika Komitəsi də daxil olmaqla aidiyyəti dövlət orqanlarının təmsil olunduğu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın fəaliyyəti səmərəli təşkil edilib, bu istiqamətdə qarşıda duran vəzifələr konkretləşdirilib, 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər, milli səviyyədə DİM-ə nail olunmasına dair icra və hesabatlıq mexanizmi müəyyən edilib, ölkədə qəbul edilən dövlət proqramları və strategiyalar DİM ilə uzlaşdırılıb. Sözügedən Fərmandan irəli gələn tapşırıqlar ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılan islahatların başlıca istiqamətləri üzrə təkanverici rol oynayır.
Məlum olduğu kimi, BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəd və 169 hədəf üzrə irəliləyişin ölçülməsi milli statistika məlumatlarına əlyetərliliyin təmin edilməsini tələb edir. Bu da öz növbəsində DİM üzrə göstəricilər barədə keyfiyyətli statistika məlumatlarının vaxtlı-vaxtında təqdim edilməsi sahəsində milli innovativ təşəbbüslərin irəli sürülməsinə zəmin yaratmışdır. Bu baxımdan DİM üzrə əldə ediləcək nailiyyətlərin mütəmadi izlənilməsi, məlumatların müasir texnoloji vasitələrlə daha effektiv üsullarla kütləvi şəkildə istifadəçilərə çatdırılması informasiya yayımının müasir tələblər səviyyəsində təşkilinə zəmin yaradır. Bu kontekstdə statistik potensialın gücləndirilməsi əsas vəzifələrdəndir. DİM-ə nail olunması ilə əlaqədar statistik məlumatların, habelə ölkə üzrə hazırlanmış hesabatların geniş istifadəçi kütləsinə açıqlanması milli statistik məlumat bazası və internet portalın yaradılmasını qaçılmaz etmişdir. Portalın funksional imkanları bütün maraqlı tərəflər üçün DİM üzrə milli səviyyədə şəffaf monitorinq və qiymətləndirmənin aparılmasına imkan verəcək. Bununla yanaşı, Portal milli statistika sistemindən qlobal statistika sisteminə rəsmi statistika məlumatlarının ötürülməsində virtual körpü rolunu oynayacaq.
Sonra Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yanında Monitorinq və qiymətləndirmə üzrə İşçi qrupun rəhbəri Rasim Səfərov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının təqdimatını həyata keçirib.
Azərbaycan və ingilis dillərində olan vahid milli onlayn məlumat mənbəyi DİM sahəsində maarifləndirmə, qabaqcıl təcrübələr, həyata keçirilən tədbirlər və baş verən yeniliklər barədə ictimaiyyətin, o cümlədən dövlət qurumları, özəl sektor, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, regional və beynəlxalq təşkilatların məlumatlandırılması üçün əlverişli informasiya mühiti yaradacaqdır. Portal vasitəsi ilə hər bir məqsəd, hədəf və onlara dair göstəricilər barədə ətraflı məlumatlara rahat çıxış imkanı təmin ediləcək. Bu informasiya resursundan istifadə etməklə qlobal məqsəd, hədəf və göstəricilər, DİM üzrə milli prioritetlər, mövcud hüquqi çərçivə, icra mexanizmləri, sosial, iqtisadi və ekoloji sahələrdə həyata keçirilən dövlət proqramları, strategiyalar, mühüm tədbirlər, hesabatlar, nəşrlər və elmi tədqiqat işləri ilə mütəmadi tanış olmaq olduqca əlverişlidir.
Mərasimin sonunda tədbir iştirakçılarını və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.