Əhalinin siyahıyaalınması mühüm dövlət tədbiridir

26.09.2019, 10:26

Məlum olduğu kimi, bu il oktyabr ayının 1-10-da Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcəkdir. Bu mühüm kampaniya ərəfəsində əhalinin siyahıyaalınmasının aktuallığını, vacibliyini, əhəmiyyətini nəzərə alıb Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Tahir Budaqovla müsahibəni oxucularımıza təqdim edirik.

– Tahir müəllim, məlum olduğu kimi, müstəqil respublikamızda ilk dəfə əhalinin siyahıyaalınması ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən 1999-cu ilin yanvarında keçirilmişdir. Bu fərman hansı zərurətdən yaranmışdır və ilk siyahıyaalma ilə hansı məlumatlar əldə olunmuşdur?
– Sovet İttifaqının süqutundan sonra böyük çətinliklər və itkilər hesabına qazanılan müstəqilliyimizin ilk illərində qarşılaşdığımız erməni təcavüzü və tənəzzülə uğrayan iqtisadiyyat fonunda Azərbaycan əhalisinin demoqrafik tərkibi ciddi dəyişikliklərə məruz qaldı. Sovet İttifaqının dağılması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, işğalçı Ermənistan xarici qüvvələrin köməyi ilə Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı və Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal olundu. Nəticədə 1,0 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşərək öz evlərini tərk etdi, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak, 50 min nəfər əlil oldu, 4 minə yaxın azərbaycanlı itkin düşdü. Yüzlərlə yaşayış məntəqələri, məktəblər, uşaq bağçaları, tibb müəssisələri, kitabxanalar, tarixi abidələr, muzeylər və digər infrastruktur obyektləri dağıdılaraq məhv edildi. Bundan başqa, həmin dövrlərdə dərin iqtisadi və siyasi böhran şəraitində işsizlik və yoxsulluq əhalinin aktual sosial probleminə çevrildi, minlərlə soydaşımız iş axtarmaq məqsədilə xarici ölkələrə üz tutdu.
Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra atəşkəsə dair razılıq əldə olundu, köklü islahatlara başlanıldı və məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın inkişafına nail olundu, ölkə əhalisinin həyat səviyyəsi yüksəldi, demoqrafik vəziyyət yaxşılaşmağa başladı. Bütün bu qeyd edilən amillərin təsiri altında ölkədə sosial-demoqrafik vəziyyətin öyrənilməsi, təhlili və müvafiq strateji qərarların qəbulu üçün beynəlxalq aləmdə olduğu kimi, Azərbaycanda da milli siyahıyaalınmanın keçirilməsinə zərurət yaranmışdır. Sualınızda da vurğuladığınız kimi, müasir statistika tariximizdə dövlət səviyyəsində ilk dəfə əhalinin siyahıyaalınması məhz ümummilli lider Heydər Əliyevin imzaladığı “1999-cu ildə əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 1996-cı il 22 fevral tarixli 442 nömrəli Fərmanı ilə baş tutmuşdur. Beləliklə, dövlət müstəqilliyi bərpa edildikdən sonra məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixdə ilk dəfə öz əhalisi haqqında tam və dolğun məlumatları 1999-cu ildə keçirilmiş əhalinin siyahıyaalınması sayəsində əldə edib.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın həyat və məişətində dərin izlər buraxmasına baxmayaraq, 1999-cu il siyahıyaalınmasından sonrakı 10 il ərzində aparılan çoxşaxəli islahatlar nəticəsində ölkə əhalisinin sayı artmış, həyat şəraiti və yaşayışı xeyli yaxşılaşmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada demoqrafiya və məşğulluqla, əhali sakinliyinin inkişafı ilə bağlı dövlət səviyyəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, Şərqi Avropa və MDB dövlətləri arasında ilk dəfə olaraq ölkəmizdə ulu öndər tərəfindən imzalanmış 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamla demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədi ilə Demoqrafik İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Sözügedən Konsepsiya milli maraqlar nəzərə alınaraq Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq sənədlərin prinsiplərinə əsaslanmışdır. Konsepsiya əsasında “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli 517 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının əsas məqsədi əhalinin optimal təkrar istehsalına nail olmaq, orta ömür uzunluğunu artırmaq, ana və uşaqların müdafiəsini gücləndirmək, ailələrin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaratmaq və miqrasiya proseslərinin tənzimlənməsi yollarını müəyyən etməkdən ibarət olmuşdur. Bu Proqram ölkədə demoqrafik inkişafın ortamüddətli strategiyasını müəyyənləşdirməklə, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçirilmişdir. Proqramın həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasında əhalinin normal təkrar istehsalı və səmərəli məşğulluğun təmin edilməsi ilə bağlı problemlər öz müvəffəqiyyətli həllini taparaq Azərbaycan xalqının həyatının daha da yaxşılaşmasına öz dəyərli töhfələrini vermişdir. Nəticə etibarilə Konsepsiya ölkəmizdə əhali sakinliyinin inkişafı sahəsində davamlı siyasətin hazırlanmasına və həyata keçirilməsinə təkan vermiş, ölkədə demoqrafik vəziyyətin və əhalinin ortaillik artım göstəricilərinin yaxşılaşmasına, ömür uzunluğunun artmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunmuşdur. Odur ki, Azərbaycanda əhali haqqında geniş və dolğun məlumatların əldə edilməsinin zəruriliyi bir fakt kimi dövlətin qarşısında dayanmışdır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 7 iyun tarixli 415 saylı Fərmanına əsasən müstəqil Azərbaycanda əhalinin ikinci siyahıyaalınması on il sonra, 2009-cu il aprelin 13-dən 22-dək keçirilmişdir.
– Ulu öndər Heydər Əliyev əhalinin siyahıyaalınması ilə yanaşı, həmin illərdə ölkə statistikasının digər sahələrinə də xüsusi fikir vermişdir....
– Tamamilə doğrudur. Azərbaycanın ictimai-siyasi quruluşunun dəyişməsi, iqtisadiyyatın bazar münasibətlərinə istiqamət götürməsi rəsmi statistikada da islahatların keçirilməsini şərtləndirirdi ki, ulu öndərin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlar bütün sahələrdə olduğu kimi, ölkəmizdə statistika işinin yenidən təşkili və qurulması istiqamətində də aparılmışdır. Bu sahə daim onun diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Keçid dövründə Azərbaycanın siyasi və iqtisadi həyatındakı əhəmiyyətli dəyişikliklər rəsmi statistikada ciddi islahatların aparılmasını, ölkə statistikasının dünya statistikasına inteqrasiyasını, beynəlxalq səviyyədə qəbul olunan standartların tətbiqini tələb edirdi. Bu məqsədlə, ilkin olaraq hüquqi əsas yaradılmalı idi və bununla əlaqədar ölkə Prezidenti tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qeyd etmək lazımdır ki, sözügedən qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin tələbləri əsasən nəzərə alınmışdır. Qanunun qəbul edilməsi ilə Azərbaycan tarixində ilk dəfə olaraq statistika sahəsində əsas anlayışlar, onun subyektlərinin hüquq və vəzifələri, fəaliyyətinin əsas parametrləri qanunvericiliklə müəyyənləşdi. Azərbaycan Respublikasında iqtisadi subyektlərin dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. ilə bağlı xüsusi maddələr qanunda öz əksini tapdı. Qanun ölkədə statistik hesabat intizamının yüksəlməsi və dövlət məlumatlandırma sisteminin əsas tərkib hissəsi sayılan milli statistika sisteminin təkmilləşdirilməsində əsas rol oynamışdır.
Bu gün biz əminliklə qeyd edə bilərik ki, statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin yüksək qayğısı sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin öz çıxışında statistikaya yüksək önəm verdiyini onun “Dövlət Statistika Komitəsi əsas dövlət orqanlarından biridir” ifadəsindən də aydın görmək olar.
– Ölkə Prezidenti cənab İlham Əliyev 2016-cı il 7 sentyabr tarixində “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalamışdır və bir neçə gündən sonra ölkəmizdə növbəti siyahıyaalma keçiriləcəkdir. Fərmanın icrasını təmin etmək məqsədilə görülmüş hazırlıq işləri barədə oxucularımıza qısa məlumat verməyinizi xahiş edirik.
– İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar nəticəsində ötən siyahıyaalmadan sonrakı dövr ərzində ölkənin bütün sahələrində 10 ilə sığmayan ciddi uğurlar əldə edilmişdir. Bu illər ərzində ölkə iqtisadiyyatına 198,3 milyard manat investisiya yönəldilmiş, ölkə regionlarının infrastrukturu demək olar ki, yenidən qurulmuş, əhalinin rifah halı yüksələrək gəlirləri 2,6 dəfə artmış, 1,4 milyon yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 2,0 dəfədən çox azalmış, beynəlxalq miqrasiyada davamlı olaraq hər il müsbət saldoya nail olunmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən çoxsaylı sosial layihələr reallaşdırılmış, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilmişdir. Son 10 il ərzində görülmüş işlər nəticə etibarilə ölkədə demoqrafik vəziyyətə, əhali sakinliyinə çox böyük təsir göstərərək növbəti siyahıyaalınmanın keçirilməsi üçün əsaslı zəmin yaratmışdır. Qeyd olunanlar nəzərə alınaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı il 7 sentyabr tarixində “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalanmışdır.
Sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarı ilə həm Dövlət Statistika Komitəsinin, həm də digər dövlət qurumlarının üzərinə düşən vəzifələr müəyyən olunmuş və həmin qərara uyğun olaraq aidiyyəti qövlət qurumları tərəfindən müvafiq hazırlıq işləri görülmüşdür. Siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavininin, ölkənin digər regionları üzrə isə şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılmışdır.
Dövlət Statistika Komitəsi tərəfindən siyahıyaalma ilə bağlı təşkilati işləri, siyahıyaalma materiallarının hazırlanması və çapı, kadr təminatı, kütləvi izahat işlərinin təşkili, texniki təminat məsələləri, siyahıyaalmanın keçirilməsi və sənədlərin qəbulu, siyahıyaalma məlumatlarının işlənilməsi, yekunlarının dərc edilməsi və yayılması, siyahıyaalma materiallarının arxivləşdirilməsi və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə bağlı görüləcək işləri özündə əks etdirən “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı” hazırlanmış və 2017-ci il 17 yanvar tarixli 01/05s nömrəli Sərəncamla təsdiq edilmişdir.
Təqvim planına uyğun olaraq, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsini və onun keçirilməsini, yekunlarının işlənməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədi ilə Dövlət Statistika Komitəsinin 25.01.2017-ci il tarixli 07t nömrəli əmri ilə Siyahıyaalma qrupu yaradılmış, “Siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının və siyahıyaalma məntəqələrinin işçilərinin xidmət haqlarının məbləğlərinin müəyyən edilməsi qaydaları” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirlikləri ilə razılaşdırılaraq təsdiq edilmişdir.
Ölkəmizdə akkreditə olunmuş beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Əhali Fondunun, Uşaq Fondunun, İnkişaf Proqramının, Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşlər keçirilmiş və əhalinin siyahıyaalınması ilə bağlı əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir. BMT-nin “2020-ci il mərhələsində əhali və mənzil fondunun siyahıyaalınmalarının keçirilməsinə dair Avropa statistikləri konfransının tövsiyələri” ilə nəzərdə tutulmuş əsas əlamətləri özündə əks etdirən siyahıyaalma proqramı, Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklər, MDB-yə üzv olan dövlətlərin statistika xidmətləri rəhbərləri Şurasının müvafiq qərarı, Azərbaycan Respublikasında müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanmış, digər metodoloji sənədlər təsdiq edilmişdir. Əhalinin siyahıyaalınmasına hazırlıq mərhələsinin ən vacib tədbirlərindən biri olan və siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bölüşdürülməsinin təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunması məqsədilə formalar, habelə “Əhalinin siyahıyaalınması ilə bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsinə dair göstərişlər” təsdiq edilib. Hazırlanmış 50-yə yaxın metodoloji və köməkçi sənədlər Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiq edilmiş və bütün bu sənədlər 2018-ci ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda aparılmış əhalinin sınaq siyahıyaalınması zamanı uğurla sınaqdan keçirilib.
Bildirmək istərdim ki, sınaq siyahıyaalınmasının nəticələri 2 dəfə Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclaslarında, 2 dəfə də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun sədrliyi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın üzvlərinin və yerli komissiyaların sədrləri - rayon, şəhər icra hakimiyyəti başçılarının müavinlərinin iştirakı etdiyi müşavirələrdə müzakirə olunmuş, aidiyyəti dövlət qurumlarına müvafiq tədbirlərin icrasının müəyyən olunmuş vaxtlarda təmin edilməsi barədə tapşırıqlar verilmişdir.
Sınaq siyahıyaalınmasından sonra Dövlət Statistika Komitəsinin 2017-ci il 29 dekabr tarixli 08/SQs nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Əhalinin siyahıyaalınması ilə bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsinə dair göstərişlər” və onların tərtib edilməsinə dair müvafiq formalar ölkənin bütün yerli statistika orqanlarına göndərilmiş, şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçot sənədləri əsasında tərtib olunmuş 1-şəhər №-li, 2-kənd №-li formaların, 2-kənd №-li formaya əlavənin məlumatları, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanaraq Dövlət Statistika Komitəsinə təqdim edilmiş 56 inzibati ərazi vahidinin sxematik xəritəsi və 3454 yaşayış məntəqəsinin sxematik planları əsasında Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunmuş, yerli icra hakimiyyətləri ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmişdir.
Məlum olduğu kimi, siyahıyaalmanın uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri də əhalinin siyahıyaalınmasının inzibatiləşdirilməsi və siyahıyaalmaya cəlb olunacaq müvafiq kadr potensialının formalaşdırılmasıdır ki, bu məqsədlə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsi nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb. Siyahıyaalınmaya cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilərək siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirməsi işi başa çatdırılıb. Tabeliklərindəki rejimli obyektlərdə olan şəxslərin siyahıyaalınmasını təmin etmək məqsədilə siyahıyaalma materiallarına olan tələbatı müəyyənləşdirmək üçün müvafiq forma Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar, Ədliyyə, Səhiyyə, Təhsil nazirliklərinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət Sərhəd Xidmətinə göndərilmiş və əldə edilmiş məlumatlara əsasən əhalinin siyahıyaalınması keçiriləcək rejimli obyektlərin və onlardakı şəxslərin sayı müəyyən edilmişdir.
Əhalinin, o cümlədən rejimli obyektlərdə olan şəxslərin və xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahıyaalınması ilə bağlı hazırlanmış metodoloji və digər sənədlərin inzibati ərazi vahidləri və aidiyyəti dövlət orqanları üzrə bölgüsü aparılaraq yerli statistika orqanlarına və aidiyyəti dövlət qurumlarına çatdırılması təmin edilib.
Yerli statistika orqanlarının rəislərinin və Siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonları üzrə nümayəndələrinin təlimatlandırılması məqsədilə Dövlət Statistika Komitəsində seminarlar təşkil edilmişdir. Müvafiq təlim proqramına uyğun keçirilmiş seminarlar əhalinin siyahıyaalınmasının keçirilməsi qaydalarının, siyahıyaalma və sorğu vərəqələrinin doldurulmasına dair göstərişlərin, yerli statistika orqanları rəislərinin və Siyahıyaalma qrupu rəhbərinin nümayəndələrinin, siyahıyaalma məntəqələrinin müdirləri və müavinlərinin, təlimatçı-nəzarətçilərin, sayıcıların siyahıyaalınma ilə bağlı vəzifələrinin və fəaliyyət istiqamətlərinin, ümumilikdə siyahıyaalma zamanı istifadə olunacaq sənədlərin əyani nümunələr əsasında izahlı təqdimatını əhatə etmişdir. Təlim proqramları əsasında və müəyyən edilmiş tarixlərdə yerli statistika orqanlarının rəisləri və Siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonu üzrə nümayəndələri tərəfindən siyahıyaalma işçilərinin, yəni siyahıyaalma məntəqəsi müdirlərinin və onların müavinlərinin, təlimatçı-nəzarətçilərin, sayıcıların təlimatlandırılması aparılmışdır.
Siyahıyaalınma ilə bağlı əhalinin məlumatlandırılması məqsədilə müvafiq təşviqat materialları - baner, plakat və videoçarxlar hazırlanmışdır. Plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilmişdir. Hazırlanmış videoçarxlar isə televiziya kanalları və aparıcı elektron media vasitələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Park və Dövlət Reklam Agentliyinin paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılmış elektron lövhələrində yayımlanır. Siyahıyaalmaya dair Komitənin əməkdaşları tərəfindən məqalələr hazırlanaraq dərc edilmiş, bundan başqa, müxtəlif KİV-lərdə fərdi jurnalist yazılarının da stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə cari il iyul ayının 18-də müsabiqə də elan edilmişdir.
Hesab edirik ki, ötən dövr ərzində hazırlıq işləri, o cümlədən əhalinin kifayət qədər məlumatlandırılması uğurla başa çatdırılmış və bu gün əminliklə deyə bilərik ki, biz artıq sayılı günlər qalan əhalinin növbəti siyahıyaalınmasını aparmağa tam hazırıq.
– Azərbaycan Respublikasının müstəqillik dövründə sayca 3-cü dəfə keçiriləcək əhalinin siyahıyaalınmasının əvvəlki siyahıyaalmalardan fərqli cəhətləri nədən ibarətdir?
– Siyahıyaalmanın fərqli cəhətlərini göstərmək üçün hesab edirəm ki, ilk növbədə sorğu vərəqələrinin müqayisəli təhlillərinin aparılması daha düzgün olardı. Belə ki, 1999-cu ildə keçirilmiş əhalinin ilk siyahıyaalınmasında tərtib edilmiş sorğu vərəqəsində 17 sual və siyahıyaalma vərəqəsində 4 sual olmaqla cəmi 21 sual qeyd edilmişdir, 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasında 29 sual sorğu vərəqəsində və 6 sual siyahıyaalma vərəqəsində olmaqla ümumilikdə 35 sual öz əksini tapmışdır. Cari siyahıyaalmada isə sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapmışdır. Qeyd etməliyəm ki, bu ilin oktyabrında keçiriləcək siyahıyaalmada suallar öz əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənir. Belə ki, bu il keçiriləcək siyahıyaalmada əvvəlki iki siyahıyaalmadan fərqli olaraq, suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapmışdır. Bu suallarda ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək. Bu da öz növbəsində, əlillərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət siyasətinin inkişafı üçün zəruri məlumatlara olan tələbatın ödənilməsi səviyyəsini artıracaq. Bununla yanaşı, əldə ediləcək məlumatlar Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq konvensiyalar, o cümlədən BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası çərçivəsində götürülmüş öhdəliklərin milli səviyyədə icrasının daha dolğun statistik qiymətləndirilməsinə və beynəlxalq təşkilatlardan daxil olan əhalinin bu kontingentinə dair sorğuların əhatəli cavablandırılmasına imkan verəcək.
– Əhalinin siyahıyaalınması nəticəsində əldə olunan məlumatlar əsasında hansı qərarların verilməsi mümkün olacaq, bilmək olacaqmı ki, ölkəyə nə qədər müəllim, həkim, mühəndis və s. lazımdır və yaxud, hansı müəssisəni harada tikməyə ehtiyac vardır?
– Məlumdur ki, insan inkişafını təmin etmək üçün ölkədə məşğulluq, layiqli yaşayış standartına cavab verən mənzil-məişət şəraiti, keyfiyyətli tibb və təhsil xidmətlərinə əlyetərlilik və s. əsas sosial-iqtisadi sahələri əhatə edən problemlərin həllinə yönəlik Dövlət proqramları və strategiyaların hazırlanması ilk növbədə demoqrafik məlumatlar əsasında statistik qiymətləndirilmələrin nəticələrinə əsaslanır.
Qeyd olunmalıdır ki, əhalinin iqtisadi ehtiyacları və davranışları ictimai həyatın müxtəlif mərhələlərində fərqlənir və onların yaş-cins strukturunda baş verən dəyişikliklər ölkənin ümumi iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Uşaqların və gənclərin sağlam mühitdə formalaşması səhiyyə və təhsil sahələrinə investisiyaları tələb edir. Buna görə də əhalinin sayı, tərkibi və məskunlaşması, eləcə də artım tendensiyası haqqında məlumatlar mühüm iqtisadi, siyasi və elmi əhəmiyyət kəsb edir. Bu məqsədlə əhali haqqında ən dolğun məlumatlar məhz əhalinin siyahıyaalınmasından əldə edilir.
Siyasətçilər, mütəxəssislər əhalinin ölkə ərazisində məskunlaşması, yerlərdə əmək ehtiyatları balansı, harada və hansı sayda istehsal, ictimai-iaşə obyektlərinə, məktəblərə, xəstəxanalara, sanatoriya və istirahət evlərinə ehtiyacın olması haqqında məlumatlı olmalıdırlar. Uşaq bağçalarının, körpələr evlərinin, klub və teatrların, digər sosial əhəmiyyətli obyektlərin tikintisinin, istehlak məhsullarına olan tələbatın planlaşdırılması əhalinin cinsinə, yaşına görə sayı, habelə onların tərkibi haqqında məlumatlar əsasında həyata keçirilir.
Demoqrafik məlumatlar ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda ev təsərrüfatlarının sayı, tərkibi və onların məişət şəraiti haqqında məlumatlar olmadan mənzil tikintisinin planlaşdırılması qeyri-mümkündür.
Yuxarıda göstərilənlərə əsasən aydın olur ki, əhali haqqında məlumatlar sosial-iqtisadi siyasət üçün zəruri olan mühüm statistik göstəricilərə aiddir.
Əhalinin artım sürətinin elmi araşdırılması sahəsində də siyahıyaalınmanın böyük rolu vardır. Doğulan və ölənlərin sayı haqqında məlumatlara malik olsaq da, əhalinin fərqli qruplarında bu göstəricilərin xüsusiyyətlərinin daha dəqiq müəyyən edilməsi yalnız siyahıyaalınmanın məlumatlarından istifadə etməklə mümkündür. Bu xüsusiyyətlər haqqında məlumatların əldə edilməsi növbəti illərdə əhalinin artım tendensiyasını əvvəlcədən müəyyən etmək imkanını yaradır.
Əhalinin siyahıyaalınmasını zəruri edən digər başlıca amillərdən biri də budur ki, iqtisadi təhlil, sosial-iqtisadi sahədə siyasi qərarların qəbulu üçün yalnız ölkə üzrə deyil, respublikanın kənd, qəsəbə və şəhər yaşayış məntəqələrinin hər biri üzrə əhali haqqında müxtəlif demoqrafik əlamətlərə görə dezaqreqasiya olunmuş geniş informasiyalar tələb olunur. Məsələn, belə informasiyalara iqtisadiyyatın bu və ya digər sahəsində işləyənlərin ümumi sayı deyil, həm də onların cins, yaş qrupları və təhsil səviyyəsi, nikahda olan kişi və qadınların yaş qrupları üzrə bölgüsü barədə məlumatları nümunə göstərmək olar.
– Tahir müəllim, soydaşlarımızın bir hissəsi xarici ölkələrdə (Rusiyada, Türkiyədə, Qərbi Avropa ölkələrində) yaşayır, işləyir, oxuyur. Ancaq ölkəmizin vətəndaşlarıdırlar, Azərbaycanda qeydiyyatdadırlar. Onların siyahıyaalınması necə təşkil olunacaq, ümumilikdə miqrasiya, daimi və mövcud əhali ilə bağlı məsələlərin öyrənilməsi nəzərdə tutulubmu?
– İşləmək, təhsil almaq və digər məqsədlərlə xarici ölkələrdə yaşayan vətəndaşlarımızın və onlarla yaşayan ailə üzvlərinin siyahıyaalınması “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına əsasən Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən aparılacaq. Bu məqsədlə, yəni işləmək, təhsil almaq və digər məqsədlərlə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə siyahıyaalınmasının təmin edilməsi üçün siyahıyaalma materiallarına olan tələbatın öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məktubla müraciət edilmiş və xaricdə müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının sayına dair ölkələr üzrə məlumatlar əldə edilmişdir. Həmin saya uyğun zəruri siyahıyaalma materialları Xarici İşlər Nazirliyinə təhvil verilmişdir.
Məlumdur ki, hər il ölkəmizdə minlərlə insan yaşayış yerini dəyişir, bir şəhərdən və ya kənddən başqasına köçür, digər rayona, şəhərə oxumağa, işləməyə, yaxud qohumlarının yanına gedirlər. Kimsə qısa müddətə istirahətə, müalicəyə, ezamiyyətə gedə bilər. Belə səfərlər çox ola bilər. Yəni əhalinin hərəkəti heç də həmişə yaşayış yerini daimi dəyişməsi ilə bağlı deyildir. Bu zaman haqlı olaraq belə bir sual yaranır. Siyahıyaalma anında bu və ya digər konkret şəhərin, qəsəbənin, yaxud kəndin əhalisini kimlər təşkil edirlər: burada daimi yaşayanlar, həmin an burada olanlar, yoxsa burada qeydiyyata alınanlar? Yuxarıda sadalananların müəyyən yaşayış məntəqəsinin sakinləri hesab edilməsindən asılı olaraq əhalinin sayı da buna uyğun olacaqdır. Bu amil, xüsusilə daha çox insanların gəldiyi şəhərlərə, rayonlara aiddir. Bununla əlaqədar olaraq siyahıyaalma hər yaşayış məntəqəsində əhalinin iki kateqoriyasını fərqləndirir: daimi və mövcud əhali. Daimi əhali siyahıyaalma anında evində olub-olmamasından, yəni müvəqqəti qaibliyindən asılı olmayaraq, həmin yaşayış məntəqəsində daimi yaşayan şəxslərdən ibarətdir. Mövcud əhali isə daimi, yaxud müvəqqəti yaşamasından asılı olmayaraq, siyahıyaalma anında həmin yaşayış məntəqəsində olan bütün şəxslərdən ibarətdir. Beləliklə, keçiriləcək siyahıyaalmada hər iki kateqoriya əhali əhatə olunur ki, bu da əhalinin sayının hesablanmasının dəqiqliyinə köməklik göstərir. Bu baxımdan, siyahıyaalma zamanı həm daimi, həm də mövcud əhalinin sayını hesablamaq üçün hər bir şəxsin daimi yaşadığı və siyahıyaalma anında olduğu yer aydınlaşdırılmalıdır.
– Siyahıyaalınma çərçivəsində toplanan göstəricilərdə əhalinin hansı məlumatları öz əksini tapacaq? Həmçinin, belə aydın olur ki, ilk dəfə olaraq sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər haqqında da məlumatlar əldə olunacaq.
– Əhalinin siyahıyaalınması zamanı tətbiq olunacaq siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcəkdir. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapmışdır. Qeyd etdiyiniz kimi, ilk dəfə olaraq bu siyahıyaalmada insanların səhhətində hər hansı funksiyalardan birinin (bir neçəsinin) tamamilə itirilməsi və ya əhəmiyyətli dərəcədə məhdudlaşması ilə müşayiət olunan problemlə bağlı sual yer almışdır ki, bu sual yaşından asılı olmayaraq siyahıya alınan bütün şəxslərə verilir və səhhətində ciddi problemlərin olması səbəbindən həyati vacib qabiliyyətlərinin tam və ya əhəmiyyətli dərəcədə itirilməsi nəticəsində ictimai həyatda iştirak səviyyəsinin məhdudlaşmasından əziyyət çəkən şəxsləri müəyyən etmək məqsədini daşıyır. Bundan əlavə, 18 və yuxarı yaşlı şəxslər üçün əlilliklə bağlı, 18 yaşa qədər uşaqlar üçün isə sağlamlıq imkanlarında məhdudluqla bağlı sual da nəzərdə tutulmuşdur. Məlumat üçün bildirmək istərdim ki, həm əlilliklə bağlı belə məlumatların əldə edilməsi, həm də digər bir sıra göstəricilərin daha detallı şəkildə əldə olunması zərurəti “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlıdır.
– Əhalinin siyahıyaalınması ilə bağlı yekunlar nə vaxt hazır olacaqdır?
– Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək.
Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulmuşdur.
– Əhalinin siyahıyaalınması ilə bağlı ölkə vətəndaşlarının rolu nədən ibarətdir, bu ümumrespublika tədbirində iştirakla bağlı onlara nə demək istərdiz?
– Vurğulamaq istərdim ki, 2019-cu il 1-10 oktyabr tarixlərində respublikada baş tutacaq əhalinin siyahıyaalınmasının uğurla həyata keçirilməsi, yəni əhaliyə dair demoqrafik, iqtisadi və sosial əlamətlər üzrə dolğun məlumatların əldə edilməsi, ilk növbədə bu prosesdə vətəndaşların bilavasitə iştirakından, habelə siyahıyaalma və sorğu vərəqələrindəki suallara verilən cavabların düzgünlüyündən çox asılıdır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, siyahıyaalmadan əldə olunan məlumatlar xüsusi əhəmiyyət daşıyır və növbəti illər ərzində ölkəmizin inkişafı üçün qəbul ediləcək qərarların verilməsində əsas informasiya mənbəyi olacaqdır.
Siyahıyaalma prosesində hər birimizin faydalı əməkdaşlığı Azərbaycanın inkişafı naminə ödəyə biləcəyimiz mənəvi borcla yanaşı, bir vətəndaş kimi yerinə yetirməli olduğumuz öhdəlikdir. Məhz belə əməkdaşlıq nəticəsində toplanan statistik məlumatlar əsasında qurulacaq gələcək həyatımız bizim siyahıyaalmaya olan ciddi münasibətimizdən asılıdır.
Siyahıyaalma suallarına verilən dolğun və düzgün cavablar hər şeydən əvvəl bir insani borcdur, çünki bu məlumatlardan üzvü olduğumuz bütün cəmiyyət bəhrələnəcək.
Son olaraq xalqımızı 1-10 oktyabr tarixlərində müstəqil dövlətçilik tariximizdə sayca üçüncü dəfə keçiriləcək əhalinin siyahıyaalınmasında fəal iştirak etməyə çağırıram.
– Müsahibəyə görə sağ olun.

 

Müsahibəni apardı:
Müşfiq MİRZƏ,
“Respublika”.