Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Turizmin inkişafı haqqında
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 30,0 faizi Rusiya Federasiyası, 22,0 faizi Gürcüstan, 9,7 faizi Türkiyə, 8,2 faizi İran, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla İraq və Ukrayna, 1,6 faizi Türkmənistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil etmişdir.
Ölkəmizə yanvar-sentyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96,0 faiz), Hindistan (70,1 faiz), Misir (66,3 faiz), Çin (63,7 faiz), Səudiyyə Ərəbistanı (42,0 faiz), Filippin (39,4 faiz), Macarıstan (34,8 faiz), Polşa (32,0 faiz), Malayziya (27,3 faiz), Böyük Britaniya (27,0 faiz), İspaniya (26,7 faiz), Cənubi Koreya (22,4 faiz), Gürcüstan (21,6 faiz) və Almaniya (21,6 faiz) vətəndaşları arasında qeydə alınmışdır.
2019-cu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,0 faiz artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3 faiz artaraq 880,9 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9 faizi dəmir yolu və avtomobil, 41,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.
2019-cu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 4201,5 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 36,3 faizi İrana, 29,0 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil etmişdir.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,7 faiz artmışdır.
Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,1 faizi dəmir yolu və avtomobil, 17,2 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Əlaqə telefonu: 538-81-76