Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə
2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1639,1 min nəfər olmuş, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 20,2 faizi təhsil, 17,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatmışdır ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.
Əlaqə telefonu: 538-85-86