Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 122 ölkəyə məhsul ixrac olunmuş, 185 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ildə ölkənin xarici ticarət dövriyyəsi 33138,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19471,3 milyon dollar, idxalın dəyəri 13667,2 milyon dollar təşkil etmiş, nəticədə 5804,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,3 faiz artmış, real ifadədə isə 3,7 faiz, o cümlədən idxal 6,5 faiz, ixrac 2,0 faiz azalmışdır. Bu dövr ərzində ölkədən 1954,4 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilə nisbətən faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə isə 7,8 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,7 faizini İtaliyaya, 14,6 faizini Türkiyəyə, 6,8 faizini İsrailə, 4,9 faizini Hindistana, 4,7 faizini Almaniyaya, 3,8 faizini Çinə, 3,7 faizini Rusiyaya, 3,6 faizini İspaniyaya, 3,3 faizini Çexiyaya, 3,0 faizini Gürcüstana, 2,7 faizini Fransaya, 2,4 faizini Birləşmiş Krallığa, 2,2 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Tailand və Portuqaliyaya, 1,7 faizini Ukraynaya, 10,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (35,3 faiz), Türkiyəyə (20,6 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,1 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (1,9 faiz), Yunanıstana (1,8 faiz), Özbəkistana (1,4 faiz), İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 12,0 faizi Türkiyə, 10,5 faizi Çin, 9,0 faizi İsveçrə, 5,6 faizi ABŞ, 5,2 faizi Almaniya, 3,4 faizi Ukrayna, 3,3 faizi İran, 2,9 faizi Kanada, 2,7 faizi İtaliya, 2,2 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Yaponiya, 21,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ildə 2018-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər – 40,8 faiz, tütün – 1,6 dəfə, meyvə və tərəvəz şirələri – 31,8 faiz, çay – 10,2 faiz, meyvə və tərəvəz konservləri – 3,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,3 faiz, pambıq lifi – 1,6 dəfə, emal olunmamış alüminium – 32,9 faiz, polietilen – 8,8 faiz, pambıq ipliyi – 34,9 faiz, bentonit gili – 19,1 faiz artmış, təzə tərəvəz ixracı isə 5,2 faiz, kartof – 7,2 faiz, bitki yağları – 24,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 19,1 faiz, qara metallardan yarımfabrikatlar – 37,6 faiz, qara metallardan borular – 82,5 faiz azalmışdır.
2018-ci illə müqayisədə 2019-cu ildə buğda idxalı 46,6 faiz, xam şəkər və şəkər – 45,1 faiz, təzə meyvə – 3,5 faiz, bitki yağları – 8,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 15,8 faiz, çay – 8,8 faiz, kartof – 27,6 faiz, quş əti və onun əlavə məhsulları – 10,6 faiz, mal əti – 5,8 faiz, təzə tərəvəz – 17,9 faiz, minik avtomobilləri – 1,7 dəfə, polad prokatı – 29,7 faiz, mineral gübrələr – 17,0 faiz, hesablama maşınları, blok və qurğuları – 16,8 faiz, rezin şinlər – 17,9 faiz, avtobuslar – 1,8 dəfə, mebellər – 4,2 faiz, yük avtomobilləri – 1,6 dəfə, polietilen – 20,9 faiz, məişət kondisionerləri – 54,2 faiz, paltaryuyan maşınlar – 6,6 faiz, qara metallardan künclüklər – 19,0 faiz artmış, siqaret idxalı isə 62,1 faiz, qara metallardan borular – 12,7 faiz, qara metallardan çubuqlar – 12,2 faiz, sement və sement klinkerləri – 5,2 faiz, məişət soyuducuları – 9,6 faiz azalmışdır.
Əlaqə telefonu: 538 77 25